Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Qazaxda fəaliyyət göstərən "Massive” mebel fabrikində olub

İcra başçısı Qazaxda fəaliyyət göstərən "Massive” mebel fabrikində olub


14-10-2024, 19:04


Bu gün əminliklə qeyd edə bilərik ki, Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun tam təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır, genişmiqyaslı layihələr reallaşdırılır. 

Ölkə Prezidentinin qayğısı sayəsində respublikamızın bütün bölgələrində böyük sənaye parklarının yaradılması, fabriklərin inşa olunması bu sahədə görülən işlərin bariz nümunəsidir. Bunun təməlində isə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti, düzgün qərarları dayanır. Məhz sahibkarlıq sektorunda Ulu Öndərin əsasını qoyduğu, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayı artır, böyük sahibkarlığa uğurlu addımın təməli qoyulur.

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən həmin məqsədyönlü tədbirlər Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan münbit şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektləri, kənd təsərrüfatı və sənaye məhsulları istehsal edən müəssisələr, istifadəyə verilən fabriklər, dükanlar, mağazalar, marketlər, otellər və s. söyləməyə əsas verir.

Qazaxda fəaliyyət göstərən "Massive mebel” MMC də bu gün respublikamızda kifayət qədər tanınır. Hazırda Əliağa Şıxlinski küçəsində yerləşən mebel fabrikinin istehsal etdiyi məhsullar alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. 


Oktyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mebel fabrikinin fəaliyyəti ilə maraqlanıb, burada çalışan işçilərlə səmimi söhbət edib, onlara işlərində uğurlar arzulayıb. 

"Massive mebel” MMC-nin təsisçilərindən biri olan Vüqar İsayev fabrik barədə məlumat verərək hazırda 39 nəfər işçinin çalışdığını bildirib. Fabrikdə qonaq, yataq, mətbəx mebellərinin istehsal olunduğunu qeyd edib. V.İsayev rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir. Ən əsası da kollektiv olaraq alıcıların etimadını, rəğbətini qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərməkdir. Fabrik sahibi sahibkarlara göstərilən qayğıya, verilən dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını çatdırıb. Bugünkü ziyarəti sahibkarlara olan dəstəyin bariz nümunəsi kimi qeyd edib.


Geri qayıt