Əsas Səhifə > Manşet / Rəsmi > Yuxarı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabatı olub
Yuxarı Əskipara kənd İƏD üzrə nümayəndəliyin hesabatı olub11-01-2018, 18:22 |
Bu gün növbəti hesabat yığıncağı Qazax rayon Icra Hakimiyyəti Başçısının Yuxarı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilib. Mədəniyyət Mərkəzinin akt zalında keçirilən yığıncaqda 2017-ci ildə görülmüş işlərdən danışılıb, qarşıda duran vəzifələrdən söhbət açılıb. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra kənd icra nümayəndəsi Coşqun Musayev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi altında 2017-ci ildə də Azərbaycan bütün istiqamətlərdə uğurlu nailiyyətlər əldə etmişdir. 2017-ci ildə mürəkkəb qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatında dinamik inkişaf və makroiqtisadi sabitlik davam etmişdir. Qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olmuş, investisya fəallığı yüksək səviyyədə qalmışdır. Bu gün Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi nəticəsində əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə aqroparklar və iri təsərrüfatlar yaradılmışdır. Ölkə iqtisadiyyatının bütün sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız növbəti illərdə daha da güclənəcəkdir. Bu gün Prezident İlham Əliyev cənablarının əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer tutub və idman ölkəsinə çevrilib. Rayonmuzda elə bir sahə yoxdur ki, inkişaf etməsin. Respublika Prezidenti cənab İlham Əliyevin rayonumuza diqqət və qayğısı çox böyükdür. Son illər cənab Prezidentin göstərişi ilə yeni məktəblərin, sənaye və sosial yönümlü obyektlərin, Qazax şəhərində yeni səhiyyə kompleksinin, yeni uşaq bağçalarının tikintisi, yeni asfalt yolların çəkilməsi bu qayğının parlaq təzahürüdür. Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi bu böyük diqqət bizi daha yaxşı işləməyə, müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə bütün qüvvələrimizi səfərbər etməyə ruhlandırır. İcra nümayəndəsi bildirib ki, Yuxari Əskipara kəndi 1992-ci ildən məcburi köçkünlük həyatı yaşayır. Kəndin 7 şəhidi, 9 Qarabağ müharibəsi əlili, 2 Əfqanıstan, 38 Qarabağ müharibəsi veteranı var. Yuxarı Əskipara kəndi 184 təsərrüfat olmaqla, 696 nəfərdən ibarətdir. Bu əhali məcburi köçkün kimi əsasən Qazax şəhərində, rayonun ətraf kəndlərində, Ağstafa rayonunda, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşmışdır. 184 təsərrüfatdan ibarət olan Yuxarı Əskipara kəndinin 91 ailəsi evlə təmin olunmuşdur. Yerdə qalan 92 ailənin isə siyahıları tam şəkildə tərtib olunaraq rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması ilə əlaqədar nümayəndəlik üzrə müvafiq tədbirlər həyata keçirilmişdir. Hesabat ili ərzində nümayəndəliyə 9 şifahi, 7 yazılı müraciət daxil olmuşdur. Ərizələr nümayəndəlikdə araşdırıldıqdan sonra böyük əksəriyyəti öz müsbət həllini tapmışdır. Bundan başqa, hesabat dövründə şəhid və imkansız ailələrə rayon İcra Hakimiyyəti tərəfindən il ərzində olan bütün bayramlarda maddi yardımlar göstərilmiş və bayram sovqatları verilmişdir. Nümayəndəlikdə 1 tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəbdə 21 müəllim 108 şagirdə təhsil verir. Bu il 4 nəfər şagird müxtəlif universitetlərə qəbul olunmuşdur. Kəndimizin gənclərindən 4 nəfər Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alır. 4 nəfər müddətli hərbi qulluqçu, 2 nəfər zabit, 5 nəfər isə gizir kimi xidmət edir. 2017-ci ildə kəndimizdən 4 nəfər sakin işlə təmin olunmuşdur. Hesabat ili ərzində nümayəndəlikdə 4 uşaq dünyaya gəlmiş, 1 nigah qeydə alınmış, 3 nəfər isə vəfat etmişdir. Məktəbin müəllimi İradə Axundova, kənd sakinlərindən Şaiq Musayev, İnqilab Vəliyev və başqaları çıxış edərək məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışıb, buna görə Ölkə Başçısı İlham Əliyev cənablarına, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Hesabat yığıncağında iştirak edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək rayon rəhbərliyinin səmimi arzularını və yeni il təbriklərini çatdırıb. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən məcburi köçkünlərin problemləri, onların qayğıları ilə daim maraqlanmışdır. Məhz onun tələbkarlığı və diqqəti sayəsində rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri heç bir ciddi çətinliklə qarşılaşmamışdır. Bir daha qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi müdrik siyasət sayəsində işğalda olan torpaqlarımız tezliklə azad olunacaq və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. 2017-ci ilin Qazax rayonu üçün uğurlu il olmasını qeyd edən M.Alıyev 2018-ci ildə də respublikamızda, eləcə də rayonumuzda daha böyük dövlət proqramlarının, investisiya layihələrinin həyata keçiriləcəyini bildirib. GOYEZEN.AZ
Geri qayıt |