Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Qazax şəhər sakinləri ilə olub

İcra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Qazax şəhər sakinləri ilə olub


Dünən, 23:45


Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz real əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Qazax şəhəri Səməd Vurğun, Mehdi Hüseyn və Zeynalabdin Tağıyev küçələrində yaşayan sakinlərlə olub. 

Sentyabrın 12-də Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, sakinlər iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayon rəhbəri son illər regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da  genişmiqyaslı abadlıq işlərinin aparıldığını qeyd edib. Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, çəkilişdən sonra şəhərin abadlaşdığını vurğulayıb. Şəhərin Səməd Vurğun, Mehdi Hüseyn və Zeynalabdin Tağıyev küçələrinin də həmin abadlaşan küçələr sırasında dayandığını, küçələrə asfalt örtüyünün vurulduğunu, səkilərə tamet döşəndiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib.  

Səmimi söhbət əsasında keçən görüşdə rayon rəhbəri sakinlərin Qazax şəhər 1 nömrəli tam orta məktəbin ərazisində yerləşən 2 otaqdan ibarət yardımçı tikilinin dam örtüyünün təmirinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyib, qaldırılan məsələnin həlli istiqamətində lazımi addım atılacağını qeyd edib.


Geri qayıt