Əsas Səhifə > Manşet / Rəsmi > Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


9-01-2018, 21:13
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Bu gün Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilmişdir.

Yığıncağı Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev açaraq iştirakçıları salamlayıb, onları yeni il münasibətilə bir daha təbrik edib və möhkəm cansağlığı arzulayıb. Bildirib ki, 2017-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat lahiyələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2017-ci ildə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir. 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 56481 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM istehsalının 40,2 faizi sənayenin, 10,2 faizi ticarət-nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmış, neft bölməsində isə 6,0 faiz azalmışdır. Əhalinin hər nəfərinə düşən ÜDM 5806 manata bərabər olmuşdur. Ölkədə 226 min yeni iş yeri yaradılmışdır.
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Bütün bunlarla yanaşı, ötən il rayonumuzda da bir sıra məqsədyönlü işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur. Rayonun Quşçu Ayrım, Qazaxbəyli, Orta Salahlı, Aşağı Salahlı, Qaymaqlı, Aslanbəyli, Daş Salahlı, Ağköynək, Qarapapaq və Kəmərli kəndlərinə, Xanlıqlar kəndində məcburi köçkünlər üçün salınmış yaşayış massivinə və kəndin bir hissəsinə içməli su xətti çəkilmişdir.

Qazax şəhərindəki H.Əliyev prospektinə və küçələrə 6990 p/m uzunluğunda yeni bardür düzülmüş, 4272 kvadratmetr əraziyə tamet döşənmiş, küçələrə və məhəllədaxili yollara 8600 kvadratmetr asfalt örtüyü qoyulmuş və bu istiqamətdə işlər davam edir.

Qazax şəhəri ərazisində şəhidlərin xatirəsinə 4 yeni bulaq kompleksi tikilib istifadəyə verilmiş, 3 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına bulaq kompleksində yenidənqurma işləri aparılmış və bulaq istifadəyə verilmişdir.

“Azərxalça”ASC tərəfindən Qazax şəhərində 160 iş yerlik Xalça müəssisəsinin tikintisi başa çatmışdır.

“Azəravtoyol” ASC tərəfindən Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 km olan 7705 nəfər əhalinin yaşadığı Çaylı kəndinin içərisindən keçən avtomobil yolunun tikintisi işləri başa çataraq istifadəyə verilmişdir. Qazax-Uzuntala avtomobil yolundan ayrılan ümumi uzunluğu 7 km olan Ermənistanla sərhəddə yerləşən 1213 nəfər əhalinin yaşadığı Böyük Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi işləri davam etdirilir. “Körpü-Bina-Tikinti” MMC tərəfindən ümumi uzunluğu 2,5 km olan, 1711 nəfər əhalinin yaşadığı Hüseynbəyli kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması işləri başa çataraq istifadəyə verilmişdir. “Körpü-Bina-Tikinti” MMC tərəfindən uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım kəndi ilə birləşdirən avtomobil yolunun asfaltlaşdırılması başa çataraq istifadəyə verilmişdir.

Qazax şəhərində 25 km uzunluğunda küçədaxili yollara, kənd yaşayış məntəqələrində isə 200 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir.

Qazax şəhərinin mərkəzində yerləşən “Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatmışdır. Parkın 4443 kv.m sahəsinə tamet döşənmişdir, 1656 p/m uzunluğunda yeni bardürlar düzülmüşdür. Yeni işıqlandırma sistemi qurulmuş, yeni oturacaqlar qoyulmuş və qazon otu, dekorativ ağac və gül kolları əkilmişdir. Rayonun görkəmli şəxsiyyətlərinə qoyulmuş 12 büst restavrasiya olunaraq müasir görkəmə salınmışdır.

Qazax şəhərindəki Ədəbiyyat Muzeyində təmir, Məhəmmədəli Qazaxlı adına güləş zalında əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

Şəhidlər Xiyabanı küçəsində, Cümə Məscidinin qabağında abadlıq işləri davam etdirilərək əraziyə tamet döşənmiş, bardür düzülmüş və işıq sistemi quraşdırılmışdır. Şəhidlər Xiyabanında rayon üzrə 285 nəfər şəhidin şəkli qara mərmər lövhəyə həkk olunmuşdur. Çaylı kəndindəki Şəhidlər Xiyabanında da əsaslı təmir işləri davam etdirilir. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək İctimai Birliyi tərəfindən 13 tonluq hovuzun tikintisi başa çataraq istifadəyə verilmişdir.

Səməd Vurğun adına parkda yenidənqurma işləri başa çatmış və park istifadəyə verilmişdir. Parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Qazax şəhərinin girişində yenidənqurma və abadlıq işləri başa çatdırılmışdır. Ağköynək kəndi ilə H.Əliyev prospektini birləşdirən yolda abadlıq işləri aparılmışdır.

Yuxarı Salahlı kəndində Səməd Vurğunun Poeziya evində əsaslı təmir işləri başa çatdırılmışdır.

İkinci Şıxlı kəndində Xalq şairi Osman Sarıvəllinin və şair Eldar Nəsiblinin qəbirüstü abidələri yenidən qurulmuş və qəbirin ətrafında abadlıq işləri aparılmışdır. “Sınıq Körpü” Gömrük Keçid Məntəqəsində yenidənqurma və abadlıq işləri yekunlaşmışdır.

Respublika Prezidentinin 20 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Qazax şəhərində təmir işləri nəzərdə tutulmuş 24 ədəd çoxmənzilli binaların dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatmışdır. Vətəndaşların müraciətlərinə əsasən əlavə 20 çoxmənzilli binaların dam örtüyündə təmir işləri başa çatdırılmışdır. Əlavə olaraq Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binalarında təmir işləri başa çatmışdır.

“Mətanət A" şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodunun tikintisində son tamamlama işləri aparılır. Həmçinin, “Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9600 ton olan Elektrod zavodunun tikintisi davam edir.

“İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tutumu 2500 ton, ölçüləri 100x16x4,5 metr olan quru anbar tikilmiş və tutumu 2160 ton, ölçüləri 72x30x8 metr olan soyuducu anbarın tikintisi davam edir. 0,80 hektar ərazidə sahəsi 300 kv.m olan iki mərtəbəli ofis binası tikiləcəkdir. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi davam edir. 13,5 km uzunluğunda diametri 500 mm olan dəmir boru vasitəsilə su xətti çəkilmişdir. Birinci pillədə 3 ədəd nasos qurulacaq ki, bunlardan 2-si fəaliyyət göstərəcək, 1-i isə ehtiyat olacaqdır.

Sahələrdə tutumu 4500 kubmetr olan bir ədəd su hovuzu inşa edilmiş, tutumu 4500 kubmetr olan bir ədəd su hovuzunun inşası davam etdirilir. Sahələrdə ümumi uzunluğu 17 km olan diametri 315 mm-lik dəmir boru və 225 mm-lik polietilen boru vasitəsilə yeraltı xətt çəkilişi davam etdirilir. 900 hektar sahənin suvarılması üçün damcı üsulu ilə və çiləmə sistemlərinin quraşdırılmasına hazırlıq işləri aparılır.

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqəsdilə quru və soyuducu anbarın işləməsi üçün elektrik çəkilişi davam etdirilir. Bu baxımdan uzunluğu 5,3 km, 7,4 və 2,3 km, cəmi 15 km uzunluğunda elektrik hava verilişi xətləri çəkilmiş, o cümlədən 2 ədəd 1000 kv-luq, 2 ədəd 600 kv-luq və 1 ədəd 1500 kv-luq transformatorlar alınmışdır.

Abbasbəyli kəndində 20 şagird yerlik modul tipli yeni ibtidai məktəb binasının tikintisi başa çatdırılmışdır.

Qazax şəhərində 3 mərtəbə və 1 mansarddan ibarət ümumi sahəsi 1800 kv.m olan 100 uşaq yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çataraq istifadəyə verilmişdir.

“HGG GROUP” MMC tərəfindən rayonun Daş Salahlı kəndində 2 və 3 saylı bağçada əsaslı təmir və yenidən qurma işləri başa çatdırılmışdır. Kosalar kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası və Cəfərli kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri aparılmışdır. Kənddə təmizlik, hasarlarda abadlıq, suvaq və rəngləmə işləri aparılmış, işıq, qaz, su, rabitə sahələrində əsaslı tədbirlər həyata keçirilmişdir. Kəndin ərazisindəki 30 kilometr uzunluğunda olan yollara çınqıl daşınıb tökülmüş və yollar hamarlanmışdır. Kənddə olan köhnə elektrik dayaqları yenisi ilə əvəz olunub və SİP kabellər çəkilmişdir. Kəndin mərkəzindən keçən Fidat Məmmədov küçəsinin 300 metr uzunluğunda olan hissəsinə yeni işıq dirəkləri basdırılıb və ərazi işıqlandırılıb. 1941-45-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri başa çatmışdır. Abidənin ətrafında yeni park salınmışdır. 1200 metr avtomobil yoluna asfalt-beton örtüyü qoyulmuşdur.

Kənd İnvestisiya layihəsi çərçivəsində Orta Salahlı və Qazaxbəyli kəndlərində küçələrə su çəkilişi və bulaq tikintisi, Dəmirçilər, Ürkməzli, Kosalar, Yuxarı Salahlı kəndlərində abadlıq, qəbiristanlıqlarda hasar çəkilişi, giriş darvazasının qoyulması, çardağın qurulması və ayaq yolunun tikintisi işləri başa çatmışdır.

Rayonun Ağköynək kəndində 2 ədəd, Çaylı kəndində 1 ədəd hər birinin sahəsi 1 hektar olan tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksinin tikintisi başa çatmış, istifadəyə verilmişdir. Bundan başqa Yuxarı Salahlı kəndində sahəsi 1 hektar olan istixana komplekslərinin tikintisi davam edir.

Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması üçün layihə smeta sənədləri hazırlanaraq tenderə verilmişdir.

2016-cı ildə qazılması nəzərdə tutulmuş 10 subartezian quyusundan Çaylı kəndində 3 ədəd, Daş Salahlı kəndində 3 ədəd, Orta Salahlı, Xanlıqlar, Kosalar, Canalı kəndlərinin hər birində 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. 2017-ci ildə daha 6 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Hazırda Alpout, Canalı, Hüseynbəyli və Birinci Şıxlı kəndlərinin hər birində 1 ədəd, Çaylı kəndində 2 ədəd olmaqla 6 ədəd subartezian quyusunun qazıntısı işləri davam edir. Eyni zamanda əvvəlki illərdə qazılmış və istifadəyə verilməmiş 11 ədəd subartezian quyusundan 10 ədədi texniki şərt alaraq balansa götürülmüş və istifadəyə verilmişdir.

Rayon ərazisində təmizlənməsi nəzərdə tutulan 270 km uzunluğu olan suvarma kanalına qarşı 274,26 km-də təmizləmə işləri aparılmışdır. 2018-ci il suvarma işlərinə hazırlıq məqsədilə yenidən bu işlərə başlanılmış və 91,71 km uzunluğunda təmizləmə işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilir.

Kənd təsərrüfatı sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, rayonda 50 hektar sahədə tütün əkilmiş, məhsuldarlıq 80,24 ton, 523 hektar sahədə çuğundur əkilmiş, məhsuldarlıq 5387 ton, 809,1 hektar sahədə kartof əkilmiş, məhsuldarlıq 22000 ton, 504,8 hektar sahədə qarğıdalı əkilmiş, məhsuldarlıq 2726 ton olmuşdur. 8289,2 hektar buğda sahəsindən 29840 ton, 2750,6 hektar arpa sahəsindən isə 6629 ton məhsul əldə olunmuşdur.

Yuxarı Salahlı kənd icra nümayəndəsi Nəsib Şəmşiyev hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, rayonumuzda olan bu iqtisadi inkişaf Yuxarı Salahlı kəndində də özünü göstərmişdir.
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Rayon rəhbərinin tapşırığına əsasən 1 foyedən və 4 zaldan ibarət olan Səməd Vurğunun Poeziya Evində təmir işləri aparılmışdır. Qiraət və digər zallarda, eləcə də foyedə suvaq-astar və üzlük işləri görülmüşdür. Eyni zamanda Poeziya Evinin içəri hissəsində işıqlanmada olan çatışmazlıq aradan qaldırılmışdır. Binanın işıqlandırma sistemi təmir olunaraq yenisi ilə əvəz edilmişdir. Bununla yanaşı, parkın giriş hissəsindən tutmuş ətrafına qədər olan ərazidə də işıq sistemi təmir edilərək müasir tələblərə cavab verən səviyyəyə çatdırılmışdır.

Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi ilə əlaqədar şairin Yuxarı Salahlı kəndindəki heykəlinin ətrafında 260 kvadratmetr sahədə daşlar döşənmiş, müxtəlif ağac və gül kolları əkilmişdir. Şairin ayaqüstü heykəli və postamenti təmir olunmuşdur.

1.3 km uzunluğunda olan kənd qəbirstanlığının ətrafı dəmir torla hasarlanməş, dini tədbirlərin aparılması üçün yardımçı otaq inşa olunmuş və su çəni qoyulmuşdur.

2017-ci il kənd təsərrüfatı üçün də uğurlu olmuşdur. Məhsul üçün kənd əhalisi 643 hektar sahədə payızlıq taxıl əkmişdir. Bundan 469 hektarı buğda, 174 hektarı isə arpadır. 45 hektarda dən üçün qarığdalı, 284 hektarda yonca, 8 hektarda bostan, 48 hektarda tərəvəz, 14 hektarda kartof və s. kənd təsərrüfatı bitkiləri əkilmişdir. Sahələrdən 1892 ton taxıl, 303 ton qarğıdalı dəni, 1552 ton quru ot, 128 ton bostan məhsulları, 1176 ton tərəvəz və 220 ton kartof məhsulu yığılmışdır. Baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar ölkə başçısının müvafiq tapşırığından sonra respublikamızın bir çox rayonlarında olduğu kimi Qazax rayonunda da uzun müddətli fasilədən sonra yenidən barama istehsalına başlanılmışdır. Ötən il rayon üzrə 1502 kq barama istehsal edilmişdir. Bu il isə 20 nəfər kümçü 4623 kq barama istehsal etmiş və 40233 manat gəlir əldə etmişlər. Bu da ötən ildən 3121 kq çox istehsal və 28641 manat çox gəlir deməkdir. 2018-ci ildə 5 min kq barama istehsalı planlaşdırılmışdır. Bildiyiniz kimi, baramaçılığın inkişafı üçün ən vacib məsələ onun yem bazasının olmasıdır. 2016-cı ilə kimi rayonda 2500 ədəd tut ağacı var idi. Yem bazasını artırmaq üçün 2016-cı ilin payızında 22000 ədəd yeni tut tingləri əkilmişdir ki, bunun da 20000 ədədi Çin Xalq Respublikasından gətirilmişdir. 2017-ci ildə isə əlavə olaraq rayon üzrə 3000 ədəd yeni tut tingi gətrilmiş və Yuxarı Salahlı kəndində əkilmişdir. Hazırda Yuxarı Salahlı kəndində Çin Xalq Respublikasından gətirilmiş tut tinglərinin sayı 5500 ədəddir.

Məhsul istehsalının artırılmasında texnikanın, suvarma suyunun, mineral və üzvü gübrələrin böyük rolu vardır. 2015-ci ildə Yuxarı Salahlı kəndində açılmış və kifayət qədər kənd təsərrüfat texnikası ilə təmin olunmuş “Aqrolizinq” müəssisəsi nəinki Yuxarı Salahlı kənd əhalisinin əkin sahələrinin, eləcə də qonşu kəndlərin pay torpaqlarının əkilməsinə yaxından köməklik göstərir. Müəssisə mineral gübrə, xəstəlik və zərərvericilərə qarşı zəhərli kimyəvi maddələrlə əhalini kifayət qədər təmin edir.

Kənddə bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişafına diqqət yetirilir. 2017-ci təsərrüfat ilində vətəndaşların şəxsi istifadəsində 1755 baş iribuynuzlu mal-qara, 7000 baş xırdabuynuzlu davarlar olmuşdur. Qazax rayon Baytarlıq İdarəsi tərəfindən mal-qaranın və davarların xəstəliklərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. 2017-ci il ərzində epizodik tədbirlər planına uyğun olaraq 1635 baş mal-qarada və 6630 baş davarlarda müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, təkdırnaqlı heyvanlardan 42 başda manqo, 10100 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri aparılmışdir.

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlilərinə və veteranlarına, aztəminatlı ailələrə qayğı, gənclərin təlim-tərbiyəsi işlərinin yaxşılaşdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi, dini və milli bayramların keçirilməsi məsələləırinə ciddi diqqət yetirilmişdir.

Yuxarı Salahlı kənd icra nümayəndəliyi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublkasının Qanununa uyğun olaraq vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində vətəndaşlardan 12 ədəd yazılı ərizə daxil olmuşdur. Ərizələrin 9 ədədi, yəni 75%-i təsərüffat məsələsinə, 3 ədədi, yəni 25%-i qonşularla münasibət məsələsinə aid olmuşdur. Vətəndaşları narahat edən və ya müxtəlif formada şifahi şikayətlə bağlı qəbula gələnlərin sayı il ərzində 33 nəfər olmuşdur. Yuxarı Salahlı kənd icra nümayəndəliyi tərəfindən isə yuxarı icra orqanlarına, idarə və müəssisələrə və vətəndaşlara il ərzində 1331 ədəd müxtəlif məzmunlu və təyinatlı məktublar və arayışlar göndərilmişdir. Bu məktubların bir hissəsi məzmun etibarı ilə nəzarətə götürülmüş məktubların cavabları, bir hissəsi isə müraciət və məlumat xarakterli olmuşdur.

Sonra icra nümayəndəsi kənddə təhsil, səhiyyə, mədəniyyət sahəsində, dövlət və milli bayramların təşkil edilməsi ilə əlaqədar görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə yığıncaq iştirakçılarına məlumat vermişdir.

Hesabat ətrafında çıxışlar olmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev, kənd sakini Osman Mustafayev, kənd ağsaqqallar şurasının sədri, işçi qrupunun üzvü Abdulla Məmmədov, Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova, SİB-in icraçı direktoru Mikayıl Umudlu, kənd bələdiyyəsinin sədri Şahismayıl Məmmədov və başqaları çıxış edərək rayonumuzda, eləcə də Yuxarı Salahlı kəndində son vaxtlar həyata keçirilmiş geniş tikinti-abadlıq işlərinə görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildirmişlər. Hazırda kənddə hər hansı ciddi bir problemin olmadığını qeyd etmişlər.

Hesabat yığıncağına rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev yekun vurmuş, 2018-ci ildə qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə işləməyin lazım olduğunu bildirmiş və bu işdə hamıya yeni-yeni uğurlar arzulamışdır.

Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib
GOYEZEN.AZ

Geri qayıt