Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda şəhid gizir Azad Kərimovun bu gün ildönümü mərasimi olub

Qazaxda şəhid gizir Azad Kərimovun bu gün ildönümü mərasimi olub


14-09-2024, 16:18


2022-ci il sentyabrın 12-dәn 13-nə keçən gecə Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda hərbi qulluqçumuz şəhid oldu.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da döyüş meydanında qəhrəmancasına döyüşdü və adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndinin igid oğulları baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndinin igid oğlu gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar. 


Sentyabrın 14-də qəhrəman şəhidlərimizin uğrunda canlarını fəda etdikləri torpağa tapşırıldıqları gündən 2 il ötür. Bu gün igid Vətən oğlu gizir Kərimov Azad Zakir oğlunun ikinci ildönümü mərasimi keçirilib. Qəhrəman şəhidimizin əziz xatirəsi hörmət və ehtiramla anılıb.

Sentyabrın 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri ilə birlikdə şəhidimizin ildönümü mərasimində iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qəhrəman şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənib.


Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan şanlı Ordumuz tərəfindən Vətən uğrunda canından keçən şəhidlərimizin qisası döyüş meydanında alındı, qanları yerdə qalmadı. Bu gün Azad Kərimov kimi oğullarımızla hər bir azərbaycanlı, qazaxlı fəxr edir, qürur duyur. İllər keçsə də 44 günlük haqq savaşında bizlərə qürur dolu anlar bəxş edən oğullarımız, eləcə də düşmən təxribatının qarşısını alan Azad kimi qəhrəmanlarımız heç vaxt unudulmayacaq, gələcək nəsillərin örnək yeri olacaq. Azad Kərimov 44 günlük Vətən müharibəsində qəhrəmancasına iştirak etdiyi kimi, eləcə də 2022-ci ilin 12-13 senytabrında düşmən təxribatının qarşısını alarkən də əsl igidlik nümayiş etdirdi, şücaəti ilə adını xalqımızın qəlbinə əbədi yazdı. 


Gizir Kərimov Azad Zakir oğlu 27 may 1994-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. Kərimov Azad Zakir oğlu 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir kimi xidmətə başlamışdı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

12.09.2022-ci il tarixdən 13.09.2022-ci il tarixə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb. 

44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, bundan əlavə, “Vətən müharibəsi iştirakçısı” medalları, ölümündən sonra 5.11.2022-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulub boya-başa çatdığı Daş Salahlı kəndində adını yaşadan bulaq tikilib, dayanacaq qoyulub.


Geri qayıt