Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının iyul ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Kəmərli kəndində olub

Qazaxda icra başçısının iyul ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Kəmərli kəndində olub


23-07-2024, 20:03


Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə hiss edilir. Ölkə Prezidentinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının 2024-cü ilin iyul ayı üzrə vətəndaşlarla keçirilən sonuncu səyyar görüşü rayonun Kəmərli kəndində yaşayan sakinlərlə olub.

İyulun 23-də Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyənin əsasında vətəndaş amilinin dayandığını qeyd edən icra başçısı bunu hər bir dövlət məmurunun öz fəaliyyətində nümunə götürməli olduğunu bildirib. Rayon rəhbəri bugünkü görüşün də bu məqsədə xidmət etdiyini qeyd edib. Görüşün məqsəd və əhəmiyyətindən söz açan icra başçısı sakinlərlə keçirilən səyyar görüşlərin təməlində vətəndaş məmnunluğunun dayandığını söyləyib. Keçirilən bugünkü səyyar görüşün əsas məqsədinin ərazidəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Rayon rəhbəri ötən səyyar görüşlərdə qaldırılmış məsələlərin əksəriyyətinin öz müsbət həllini tapdığını qeyd edərək bugünkü görüşün də təməlində bu amilin dayandığını bir daha söyləyib. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı illər ötsə belə bu zəfərin heç zaman unudulmayacağını bildirib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan icra başçısı gələcək nəsillərin həmin qəhrəmanlıqdan nümunə götürdüklərini söyləyib. Rayon rəhbəri bütün kəndlərimizdən olduğu kimi, Kəmərli kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 16 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 8 nəfərin, Vətən müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Kəmərli kəndindən 56 nəfərin iştirak etdiyini, onlardan 29 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 12 nəfərin döyüşlərdə yaralandığını qeyd edib. 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şəhid olmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun, eləcə də bütün şəhidlərimizin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə canlarını Vətən yolunda fəda edən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.


İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qazaxın 4 kəndinin geri qaytarılmasını dövlətimizin növbəti uğuru, qalibiyyəti, zəfəri kimi qiymətləndirib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, xüsusilə də qazaxlıların, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu bildirib. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunmasını, mayın 15-də müvafiq protokolun imzalanmasını, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsini dövlətimizin, Müzəffər Ali Baş Komandanın növbəti uğuru, zəfəri kimi qiymətləndirib. Rayon rəhbəri qazanılan qələbələrimizə görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 


Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün Kəmərlidə SİP kabelləşmə işinin aparıldığını, yaxın zamanda bu kənddə də başa çatdırılacağını söyləyib. Kənddə “Azəronline MB” LTD  tərəfindən fiber-optik internet xəttinin çəkildiyini və sakinlərin sürətli internetlə təmin edildiyini bildirib.

Son illər rayonun bütün kəndlərində olduğu kimi, Kəmərli kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 14 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırılmasını bu sahədə olan işlərin əyani sübutu kimi qiymətləndirib. Rayon rəhbəri su çəkilişindən sonra yollarda yaranmış mövcud vəziyyətin nəzarətdə saxlanıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını diqqətə çatdırıb. 

Kənd ağsaqqalı Rəhim Rəhimov və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini və hər zaman dəstəklədiklərini qeyd ediblər. Son illər rayonda, eləcə də Kəmərli kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin 422 şagird yerlik Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbin əsaslı təmir olunması, kəndarası yolların təmiri, pay torpaqlarının suvarılması üçün nasosları enerji ilə təmin edən və qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz edilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.

GOYEZEN.AZ


Geri qayıt