Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlili Anar Həsənovu evində ziyarət edib və qayğıları ilə maraqlanıb

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlili Anar Həsənovu evində ziyarət edib və qayğıları ilə maraqlanıb


18-07-2024, 19:27


Bu gün fəxrlə deyirik ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs Vətən torpağı uğrunda 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Ən əsası da bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan oğullarımızdan biri də döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Qazax rayonunun Xanlıqlar kəndində dünyaya göz açan, 1-ci dərəcəli Vətən müharibəsi əlili əsgər Həsənov Anar Rasim oğludur.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunan Anar Həsənov Vətən müharibəsində qəhrəmancasına vuruşub. Oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əl, ayaq və kürək nahiyəsindən qəlpə yaraları alan Anar kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik. YAŞAT Fondu tərəfindən qardaş ölkə Türkiyədə müalicə alan igid Vətən oğlu bu gün də öz evində müalicə alır. 

Heç kəsə sirr deyil ki, Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman hiss olunur, bu qayğı görülən işlərdə, həyata keçirilən tədbirlərdə öz real əksini tapır.

Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı, qazilərimizi hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır. 


İyulun 18-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Anar Həsənovu evində ziyarət edib. Rayon rəhbərliyi müalicəsini ev şəraitində davam etdirən qazimizin səhhəti və qayğıları ilə maraqlanıb. İgid Vətən oğlunun səhhətini nəzərə alaraq məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar lazımi addımların atılması istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib. 

44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Anar kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Qazi Anar Həsənov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə bütün şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qazi kimi dövlətin qayğısını hər zaman hiss etdiyini, bunun bariz nümunəsi olaraq da YAŞAT Fondu tərəfindən müalicə olunmaq üçün Türkiyəyə göndərilməsini, avtomobillə təmin olunmasını, hər cür dəstək göstərilməsini göstərib. 

Qazimizin nənəsi Bağdasər Həsənova Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza Allahdan şəfa diləyib. Qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti, nəvəsinin qayğıları ilə maraqlanılmasını və səhhətini nəzərə alaraq məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi addımların atılmasını dövlətimizin qazilərimizə olan növbəti qayğısı kimi qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, Həsənov Anar Rasim oğlu 3 oktyabr 2000-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbi bitirib. 2019-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. 2020-ci ilin iyun ayında xidmətini başa vurub. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub. Oktyabrın 17-də Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əl, ayaq və kürək nahiyəsindən qəlpə yaraları alıb. 18.10.2020-ci il tarixdə YAŞAT Fondu tərəfindən Türkiyə Respublikasına müalicə məqsədilə göndərilərək bir müddət orada müalicə alıb. Hazırda bu gün də müalicəsini ev şəraitində davam etdirir. Subaydır. 29.11.2021-ci il tarixdən 1-ci qrup əlillik dərəcəsi təyin edilib.

Anar Həsənov döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Həmçinin, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. 15.06.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər LADA” markalı avtomobil verilmişdir. 

GOYEZEN.AZ


Geri qayıt