Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid Azad Mikayılovun anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib
İcra başçısı şəhid Azad Mikayılovun anasının vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib16-07-2024, 12:58 |
Verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan, Vətən, torpaq, yurd, el-oba uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaqlar. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Birinci Qarabağ müharibəsində şirin canından keçərək adını tarixə yazdıran, Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid Mikayılov Azad Tanrıverdi oğludur. Şəhid Mikayılov Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 1983-1985-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1986-1990-cı illərdə Qazax Sənaye Tikinti Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildən Qazax rayon Polis şöbəsində Polis nəfəri işləmişdir. 6 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Bu gün Xanlıqlar kənd ümumi orta məktəb şəhid Azad Mikayılovun adını daşıyır. 9 iyul 2024-cü il tarixdə şəhidimizin anası Əmiraslanova Gülüstan Cəfər qızı dünyasını dəyişmişdir. İyulun 16-da şəhid anasının yeddi mərasimi olub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhid anasının yeddi mərasimində iştirak edərək mərhumun ailəsinə başsağlığı verib. İcra başçısı Rəcəb Babaşov mərhum Gülüstan Əmiraslanovanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşı Etibar Mikayılova və onun yaxınlarına dərin hüznlə başsağlığı verib. İllər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiramın, sevginin heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. Nə qədər Azərbaycan xalqı var Azad kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacaqlarını, şəhidlərimizlə yanaşı, onların ata və analarının da bizlər üçün doğma olduqlarını vurğulayıb. Geri qayıt |