Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı Vətən müharibəsi şəhidinin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib

Qazaxda icra başçısı Vətən müharibəsi şəhidinin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib


5-06-2024, 20:46


Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə bir ömür boyu minnətdar olacağıq. 


Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullardan biri də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində vuruşmuş Vətən müharibəsi şəhidi baş çavuş Qəsəbov İsmayıl Nəbi oğludur.

44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş İsmayıl kimi oğullarımızla hər birimiz fəxr edirik.


Bu gün – iyunun 5-də İsmayıl Qəsəbovun ailəsində xoş gündür. Qəhrəman şəhidimizin ruhu şaddır. İgid Vətən oğlunun qardaşı Nazim Nəbiyev ailə həyatı qurur. Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhid qardaşının xoş günündə onun yanında olub. İcra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidimizin anası Kəmalə Carçıyevaya gözaydınlığı verən rayon rəhbəri səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Şəhid qardaşının toyunda iştirak edənlərə razılığını ifadə edib. İcra başçısı şəhidimizin qardaşını ailə həyatı qurması münasibətilə təbrik edib, ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. 


Şəhid anası Kəmalə Carçıyeva şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə ailəsi adından təşəkkür edib. Bugünkü gündə rayon rəhbərinin onların yanında olmasını dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndirib.

Şəhid İsmayıl Qəsəbov 6 iyul 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. 28.12.2012-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinə qəbul olmuş və orada xidmət etmişdir. Sonra xidmətini “N” saylı hərbi hissədə davam etdirmişdir. DİN-nin DQ-nın “N” saylı hərbi hissəsində XTD-də, 5-ci XƏQ-nun, 2-ci XƏ yarım qrupunda atıcı qumbaraatan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) baş çavuş İsmayıl Qəsəbov 07.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12.11.2020-ci il tarixdə doğulub boya-başa çatdığı Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Ailəliydi, Mərd və Uğur adlı iki azyaşlı oğul övladı yadigar qalıb. 

Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda qəhrəmancasına vuruşan baş çavuş İsmayıl Qəsəbovun döyüş meydanında göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhidimiz ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Doğulduğu kənddə adını əbədiləşdirən bulaq inşa olunub. 



Geri qayıt