Əsas Səhifə > Manşet / Rəsmi > Millət vəkili Ülviyyə Ağayeva bu gün sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərlə görüşüb

Millət vəkili Ülviyyə Ağayeva bu gün sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərlə görüşüb


3-06-2024, 22:18


Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb.

İynun 3-də millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib. 


Kənd sakinlərini salamlayan icra başçısı Rəcəb Babaşov səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünə qovuşduğunu, artıq xalqımızın dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındığını söyləyib. Rayon rəhbəri qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 illik işğalda olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. İcra başçısı "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevincini yaşatdığını da qeyd edib. 2024-cü ilin 19 aprel, 15 və 24 may tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması, mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi dövlətimizin, Müzəffər Ali Baş Komandanın daha bir uğuru, zəfəridir. “Bu şanlı zəfərin kökündə, təməlində şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı dayanır. Tarix yazan oğullarımız heç zaman unudulmayacaqlar”, - deyən icra başçısı xalq olaraq hər zaman igid Vətən oğullarına borclu olduğumuzu dilə gətirib. Bu gün şəhidlərimizin ruhlarının rahatlıq tapdığını qeyd edib. 


Rayon rəhbəri Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. Rayon rəhbəri keçirilən bütün görüşlərdə olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün arxasında da vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını vurğulayıb. İcra başçısı Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda hər zaman ön plana çəkildiyini bildirib. Bu gün Milli Məclisin deputatı Ülviyyə Ağayevanın sakinlərlə keçirdiyi görüşü vətəndaşlara olan qayğının əyani sübutu kimi qiymətləndirən rayon rəhbəri bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini qeyd edib. 


Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması münasibətilə sərhəddə yaşayan sakinləri təbrik edib, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Millət vəkili dörd kəndin geri qaytarılmasını Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan dövlətinin növbəti şanlı qələbəsi kimi dəyərləndirib. Bu gün bu qələbə ilə şəhidlərimizin ruhunun şad olduğunu, bu şanlı zəfərə görə igid Vətən oğullarına borclu və minnətdar olduğumuzu söyləyib. 


Millət vəkili qeyd edib ki, bu gün respublikamızın bölgələrində olan inkişafı Qazaxın, hətta, rayonun kəndlərində aparılan genişmiqyaslı quruculuq işlərindən aydın şəkildə görmək olur. Ölkə başçısının rəhbərliyi altında bölgələrimizin, eləcə də Qazaxımızın siması sözün yaxşı mənasında gündən-günə dəyişir. Daha abad və yaraşıqlı olur. Bütün bunlar isə bir vətəndaş kimi məni çox sevindirir. Qürur hissi duyuram ki, bu gün dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət Qazaxda olduğu kimi icra olunur. Ən əsası isə rayonda vətəndaş amili hər zaman ön planda tutulur. Millət vəkili sərhəddə yaşayan sakinlərə, şəhid ailələrinə, qazilərə göstərilən qayğını yüksək qiymətləndirib. Vətəndaşlara olan səmimi münasibətə, göstərilən qayğıya görə rayon rəhbərinə bir millət vəkili olaraq razılığını bildirib, ziyalılar adından təşəkkürünü çatdırıb. Ü.Ağayeva seçicilərinin ona olan etimadını hər zaman yüksək qiymətləndirdiyini və o etimadı layiqincə doğrultmağa çalışdığını qeyd edib. Onlara olan diqqətin, qayğının bundan sonra da olduğu kimi davam edəcəyini söyləyib. 


Millət vəkili ilə səmimi söhbət edən kənd sakinlərindən ağsaqqal Seyfəddin Vəliyev və başqaları dövlətin, ölkə başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya kənd sakinləri adından təşəkkür ediblər. Onlarla olan bugünkü görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə razılıqlarını ifadə ediblər. Çıxış edən kənd sakinləri Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması xəbərini böyük qürur və sevinc hissi ilə qarşıladıqlarını söyləyərək bu sevinci onlara bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə bir daha sonsuz təşəkkürlərini çatdırıblar. 


Geri qayıt