Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda “Yaşıl dünya naminə həmrəyik” adlı növbəti tədbir keçirilib
Qazaxda “Yaşıl dünya naminə həmrəyik” adlı növbəti tədbir keçirilib30-05-2024, 21:18 |
İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Sərəncamda qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir. Mayın 30-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünya naminə həmrəyik” adlı növbəti tədbir keçirilib. Bugünkü tədbir Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin müəllim və şagirdləri tərəfindən təşkil olunub. Məktəbin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul əməkdaşları, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun müdiri Ruslan Rzayev və sektorun əməkdaşları, Qazax rayonu üzrə ümumi təhsil məktəblərinin və bağçalarının direktorları, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və bölmənin nümayəndələri, məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak ediblər. Məktəbin qarşısında mövzuya uyğun “Yaşıl dünya naminə həmrəylik ili 2024” başlıqda banerlər yerləşdirilib. Xüsusi tərtibatla təşkil olunan məişət tullantılarından hazırlanmış əl işləri, uşaqların rəsm əsərlərindən ibarət sərgilərin hər biri xüsusi bəzədilmiş masalarda nümayiş olunub. Məktəbin 4a, 4b, 4c, 3a, 3b, 5c, STEAM və 10 p sinifləri arasında “Ən yaşıl kabinet” müsabiqəsi təşkil olunub, qonaqlar sinif otaqlarına baxış keçiriblər. Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Tədbirin aparıcısı, məktəbin 10-cu sinif şagirdi Gülşən Aydınova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə həmrəyik” adlı tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi, ərazi bütövlüyü, Vətənimizin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar müəllim və şagirdlərin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin mühüm xidmətləri olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibətindən, 1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsindən, Azərbaycanın zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanılması ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin tələbləri və tövsiyələrindən, müstəqillik dövründə Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin təbiətə yeni baxışından, ətraf mühit sahəsində qəbul edilmiş mühüm qərar və tövsiyələrdən söz açıb. Ümummilli Lider Heydər Əliyevin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə onun rəhbərliyi ilə ölkənin ekoloji siyasətinin formalaşması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Müavin Ulu Öndər tərəfindən bu sahədə görülmüş işlərin bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında uğurla davam etdirildiyini, ölkəmizdə dövlət başçısının “Neft kapitalını insan kapitalına çevirək“ devizi ilə yaşıl enerji siyasətinin həyata keçirildiyini söyləyib. Azərbaycan dövlətinin ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verdiyini qeyd edən müavin ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair əsas məqsədlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsini bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verdiyini bildirib. Həmin məqsədə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox mühüm işlər aparıldığını vurğulayıb. Xüsusilə də düşmən tapdağından azad edilmiş bölgələrimizin yaşıl enerji zonasına çevrildiyini, “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfələr verdiyini söyləyib. Müavin qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir. Məhz bu səbəbdən iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə bu il Azərbaycanda keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. G.Həsənova vurğulayıb ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə görə artıq ölkəmizin energetika sahəsində bir sıra vacib yeniliklər həyata keçirilir. Müavin ölkə Prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı verilmiş Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Tədbirlər Planının təsdiq olunduğunu diqqətə çatdırıb. Bu il münasibətilə qəbul edilmiş Tədbirlər Planı çərçivəsində Qazax rayonunda Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin, eləcə də digər idarə və müəssisələrin, məktəblərin təşkilatçılığı ilə, eləcə də bugünkü tədbir də daxil olmaqla, ümumilikdə 15 tədbir keçirildiyini vurğulayıb. Həmçinin, ağacəkmə aksiyalarının, ətraf mühitin qorunması istiqamətində lazımi addımların atıldığını qeyd edib. Müavin rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan məktəblilərin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar hazırladıqları əl işlərini, bu ilin yüksək səviyyədə qeyd olunması üçün göstərdikləri münasibəti yüksək qiymətləndirib. Məktəblilərə, müəllimlərə, əziyyəti keçən insanlara razılığını ifadə edib. Ətraf mühiti qorumağın hər birimizin borcu olduğunu qeyd edərək “Yaşıl dünya naminə həmrəylik ili”nin bu istiqamətdə hər bir vətəndaşın töhfə verməsi üçün mühüm rol oynayacağını bildirib, bu yolda hər kəsə uğurlar arzulayıb. Sonra söz məktəblilərə verilib. Məktəbin 6b sinif şagirdi Xədicə Qasımlı Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirərək iştirakçıları salamlayıb. 6c sinif şagirdi Gözəl Məmmədli “Xudayar” təsnifini səsləndirərək şəhidlərimizi ehtiramla anıb. 8c sinif şagirdi Səma Süleymanlı “Azərbaycan” mahnısını ifa edərək tədbirə toplaşanlara xoş anlar bəxş edib. Məktəbin məzunu olmuş Alı Alıyevin sazda ifa etdiyi “Ruhani” havası, Aşıq Ələsgərin “Çərşənbə günündə çeşmə başında” mahnısı tədbir iştirakçıları tərəfindən aqışlarla qarşılanıb. 7a sinif şagirdlərinin təbiətin çirkləndirilməsi barədə hazırladıqları səhnəcik maraqla izlənilib. 6-cı sinif şagirdlərindən ibarət vokal qrupu “Ey həyat sən nə qəribəsən” söyləyərək tədbirə coşqu qatıblar. 8a sinif şagirdi Sənubər Qasımova Xalq şairi Zəlimxan Yaqubun “Təbiətdən gəlmişəm” şeirini səsləndirib, 6b sinif şagirdi Cavanşir Rüstəmli isə sazda müşayiət edib. 6-cı sinif şagirdlərindən ibarət qrup “Can Azərbaycan” mahnısını ifa ediblər. 6a sinif şagirdi Gülay Əhmədova Qədir Hüseynovun “Bu gözəl yurdumun şanı gözəldir” şeirini səsləndirib. 6-cı sinif şagirdlərindən ibarət “Zəfər qrupu”nun təqdimatında səslənən “Yaşa Azərbaycan” mahnısı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünya naminə həmrəyik” adlı tədbir alqış sədaları altında başa çatıb. Məktəbin direktoru Samir Hüseynov sonda rayon rəhbərliyi başda olmaqla, qonaqlara, tədbir iştirakçılarına minnətdarlığını bildirib. Məktəb kollektivi olaraq “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə vermək üçün böyük səylə çalışdıqlarını vurğulayıb.
Geri qayıt |