Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Dünya tarixində iz qoymuş Nadir Şəxsiyyət” adlı tədbir keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Dünya tarixində iz qoymuş Nadir Şəxsiyyət” adlı tədbir keçirilib


17-05-2024, 19:38


Mayın 17-də Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin və dövlətçilik təcrübəsinin geniş təbliği məqsədilə “Dünya tarixində iz qoymuş Nadir Şəxsiyyət” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədrləri, müavinləri, fəalları və veteranları, KİV nümayəndələri iştirak ediblər.


Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanımızın xoş, firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmasındakı misilsiz xidmətlərindən geniş bəhs edib. İcra başçısı bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Ulu Öndər Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi qədirbilən xalqımız tərəfindən illər ötsə belə hər zaman hörmət və ehtiramla anılacaq. Çünki dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. İcra başçısı bildirib ki, Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsi oldu. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaqda həmin ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. 


“Ulu Öndər özünün də dediyi kimi qalan ömrünü xalqına bağışladı”, - deyən icra başçısı illər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini illər keçsə də heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində, o cümlədən Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunduğunu söyləyib. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini qeyd edib. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Rayon Heydər Əliyev Mərkəzi, eləcə də digər idarə, müəssisə, təşkilatlar tərəfindən 150-dən artıq tədbirin keçirildiyini vurğulayıb. İcra başçısı bu gün Ulu Heydər Əliyev ideyalarının, onun dəsti-xəttinin möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən də geniş bəhs edib. 2020-ci ilin Vətən müharibəsindən söz açan rayon rəhbəri 44 günlük həmin savaşda müzəffər Azərbaycan Ordusunun 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə bütün dünyaya qalib Azərbaycanı tanıtdığını söyləyib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuzun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldığı, onların qanının yerdə qalmadığını qeyd edib. Rayon rəhbəri 2023-cü ilin həm də digər bir hadisə ilə yaddaşlara əbədi həkk olunduğunu, Xankəndi və Xocalı şəhərinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndiyini vurğulayıb. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını, həmin qürurlu anlara görə xalq olaraq Ali Baş Komandana, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu oldğumuzu bir daha diqqətə çatdırıb. Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 19 aprel və 15 may 2024-cü il tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması dövlətimizin daha bir uğuru, zəfəridir. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışıb. Rayon təşkilatının sədri qeyd edib ki, Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. Natiq vurğulayıb ki, xalqımızın böyük xilaskarı, Dahi Şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün, zaman-zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır. Sonda rayon təşkilatının sədri rayonun 4 kəndinin Azərbaycana geri qaytarılması münasibətilə tədbir iştirakçılarını təbrik edib və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin gələcəkdə də yeni-yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliyini bildirib.  

Tədbirdə partiya veteranları Abbas Göyüşov, Bəsti Ələkbərova, partiya fəalı Könül Butayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs ediblər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər. 

Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlərini səsləndirib.


Tədbirdə YAP Qazax Rayon Təşkilatının ilk sədri, partiya veteranı Abbas Göyüşova "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib. İcra başçısı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalını sahibinə təqdim edib, bir daha səmimi təbriklərini və xoş sözlərini səsləndirib. Rayon rəhbəri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunan Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının yaradıcılarından biri və ilk sədri olmuş, uzun müddət müxtəlif vəzifələrdə çalışmış, rayonun sosial-iqtisadi və ictimai həyatında fəal iştirak edən, hazırda təqaüddə olan Abbas Göyüşovu təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Bu medalı təltif olunanların simasında qazaxlı ziyalılara verilən dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri bu yüksək təltifə, qazaxlılara verilən qiymətə görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. 


Dahi rəhbərin 100 illik yubiley medalına layiq görülən təqaüddə olan ziyalı Abbas Göyüşov çıxış edərək yüksək təltifə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Təltif olunduğu medalı tək öz adına deyil, qazaxlı ziyalılar adından qəbul etdiyini, ürəyi Qazaxla döyünən bütün ziyalıların əməyinə verilən dəyər, qiymət olaraq qəbul etdiyini, eyni zamanda, sözügedən medalın üzərinə böyük məsuliyyət qoyduğunu söyləyib. Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyətin adı ilə bağlı olan medala təltif olunmasına görə özünü şanslı hesab etdiyini, bu qürurverici, xoş anları ona bəxş etdiyinə görə bir daha ölkə başçısına təşəkkürünü çatdırıb.

Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri verilib.   

Sonda Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.


Geri qayıt