Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda icra başçısı Kür çayının daşması ilə əlaqədar rayonun Aşağı Salahlı kəndində olub

Qazaxda icra başçısı Kür çayının daşması ilə əlaqədar rayonun Aşağı Salahlı kəndində olub


10-05-2024, 16:33


Ötən yazımızda son günlər intensiv yağan leysan yağışları nəticəsində Kür çayının yuxarı hissəsində suyun səviyyəsinin artması, Qazax rayonunun Aşağı Salahlı və Orta Salahlı kəndləri ərazisindən keçən hissəsində gərginlik yaşanması, 8 may tarixində Kür çayının Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində baş vermiş daşqın zamanı örüş sahəsi və kənd sakinlərinə məxsus pay torpaqlarının sel sularının altında qalması, təsərrüfata ziyan dəyməsi barədə məlumat vermişdik. 

Mayın 10-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elxan Vəkilov, Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin Qazax Sahə rəisi Kamal Bəbirov və digər aidiyyəti şəxslərlə birlikdə qeyd edilən məsələ ilə əlaqədar Aşağı Salahlı kəndində olub, hazırki mövcud vəziyyətlə yerində maraqlanıb.


Rayon rəhbəri vətəndaşların Kür çayının daşması səbəbindən çaya yaxın ərazidə yerləşən pay torpaq sahələrinin yuyulmasının qarşısının alınması, çayın ətrafında bəndin salınması ilə bağlı müraciətlərini dinləyib. İcra başçısı edilən müraciətin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağını və nəzarətdə saxlanılacağını vurğulayıb.

Rayon rəhbəri Kür çayının ətrafında pay torpaq sahələri olan sakinlərə aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri barədə də ətraflı məlumat verib. Baş verən təbii fəlakətlər, dolu və sel-subasma hadisələri zamanı aqrar sığortanın fermerlərə böyük kömək olduğunu qeyd edib. Sakinlərə əkin sahələrini sığorta etdirmələrini tövsiyə edib. 

Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.


Geri qayıt