Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının may ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə olub

İcra başçısının may ayında vətəndaşlarla keçirilən ilk səyyar görüşü Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə olub


2-05-2024, 21:16


Ölkəmizdə cənab Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssas yanaşılır. Ən əsası da şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.

Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, ölkəmizdə hər zaman vətəndaş amili, onların məmnunluğu əsas götürülür. Həmçinin, ölkə başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına əsasən əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 


İcra başçısının 2024-cü ilin may ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü Qazaxbəyli kəndində məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə olub. Görüşdə icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, qəsəbədə məskunlaşan məcburi köçkünlər iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, xoş arzularını çatdırıb. İcra başçısı uzun illər Vətən həsrəti çəkən sakinləri Qazax rayonunun dörd kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.


Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanındakı qəhrəmanlığından, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsində, istərsə də digər döyüşlərdə canlarından keçən şəhidlərin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 ildən çox işğal altında olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. 


Rayon rəhbəri "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 19 aprel 2024-cü il tarixinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. İcra başçısı vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması dövlətimizin daha bir uğurudur. İcra başçısı Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. 

 

Yuxarı Əskipara kənd sakini Nüsrət Hacıyev, Aşağı Əskipara kənd sakinləri Gülnaz Mansurova, Yunis Nəsibov, Front Həsənov, Bağanıs Ayrım kənd sakini Türkan Adıgözəlova və başqaları çıxış edərək doğma yurdlarına qayıtmaq, o xoşbəxt anları yaşamaq üçün gün saydıqlarını söyləyiblər. O günün isə elə də uzaqda olmadığını vurğulayıblar. Çıxış edənlər hər zaman Müzəffər Ali Baş Komandana inandıqlarını, Onun müdrik siyasəti, qətiyyətli mövqeyi sayəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Qazaxın kəndlərinin qaytarılacağına əmin olduqlarını söyləyiblər. 19 aprel tarixinin yaddaşlarına əbədi həkk olunduğunu söyləyən sakinlər bu günü onlara bəxş edən Müzəffər Ali Baş Komandana qazaxlılar, doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlər adından dərin minnətdarlıqlarını bildiriblər. Bu günə kimi onlar üçün hər cür şərait yaradan, daim qayğı göstərən dövlətimizin və ölkə rəhbərinin dəstəyini doğma torpaqlarına qayıdan zaman da hiss edəcəklərinə əminliklərini vurğulayıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlərin işğaldan azad olunmuş Aşağı Əskipara, Qızılhacılı, Bağanıs Ayrım və Xeyrımlı kəndlərində bərpa-quruculuq işlərinin aparılması və tezliklə sakinlərin kəndlərə köçürülməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri o günün uzaqda olmadığını, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdacaqlarını bildirib.  



Geri qayıt