Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısının mart ayı üzrə növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub

Qazaxda icra başçısının mart ayı üzrə növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub


14-03-2024, 21:27


Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, ölkəmizdə bütün işlərin arxasında yalnız və yalnız vətəndaş amili dayanır. Dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu təşkil edir ki, bu, hər bir dövlət məmuruna nümunədir.

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. 


İcra başçısının mart ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü rayonun Aşağı Salahlı kəndində yaşayan sakinlərlə olub. Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, kənd sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramları münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini bildirib.


Rayon rəhbəri ötən illər ərzində Aşağı Salahlı kəndində keçirilən səyyar görüşlər zamanı səsləndirilən bütün müraciətlərə həssaslıqla yanaşıldığını, həlli istiqamətində lazımi addımlar atıldığını bildirib. Kənddə sip kabelləşmə işlərinin davam etdirilməsi, suvarma arx və kanalların beton üzlüyə alınması, Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Kənddə həkim məntəqəsinin inşası ilə bağlı müraciətin icrası istiqamətində lazımi addımlar atıldığını, kənddə modul tipli məntəqənin inşasının nəzərdə tutulduğunu söyləyib. Rayonun bütün kəndlərində olduğu kimi, ötən illər ərzində bu kənddə də subartezian quyusunun qazıldığını bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Hazırda kənddə 12 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu qeyd edib. 2023-cü ildə qazılmış 1 ədəd subartezian quyusunun istifadəyə verilməsini, hazırda son tamamlanma işlərinin aparıldığını diqqətə çatdırıb. 


İcra başçısı ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasının da bərpa olunduğunu qeyd edib. Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərdiyini söyləyib. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.

İcra başçısı çıxışında 2023-cü ilin xalqımız üçün əlamətdar bir il olduğunu söyləyib. 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu, 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini qeyd edib. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini söyləyib. 


Rayon rəhbəri sakinlərlə keçirilən görüşdə narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində valideynlərlə, müəllimlərlə yanaşı, hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin, xüsusilə də ağsaqqalların bu işlərdə səfərbər olmasını, öz mövqelərini bildirmələrini tövsiyə edib. Rayon rəhbəri ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması, qızların təhsildən yayındırılması hallarına qarşı mübarizədə, erkən nikahın fəsadları ilə bağlı mübarizədə hər bir vətəndaşın səfərbər olmalı olduğunu vurğulayıb. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın narkomaniyaya, eləcə də erkən nikaha qarşı mübarizədə barışmaz mövqedə olduğunu bildirib. Rayon rəhbəri erkən nikahla bağlı lazımi tədbirlərin görüldüyünü, qanunda dəyişiklik edildiyini, erkən nikah hallarına yol verən valideynlərin, şəxslərin cinayət məsuliyyətinə cəlb ediləcəyini söyləyib. İcra başçısı Azərbaycanda dini radikalizmə qarşı mübarizənin həm dövlətin, həm də xalqımızın qarşısında duran ən vacib vəzifələrdən biri olduğunu söyləyib. Dini radikalizmlə mübarizə işinin təşkilində əsas məsələlərdən birinin maarifləndirmə işi olduğunu vurğulayıb. 


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək kənd sakinlərini salamlayıb, 11 ayın sultanı olan müqəddəs Ramazan bayramı və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. “Bu gün ölkə Prezidenti İlham Əliyevin yürütdüyü düzgün və uğurlu siyasət nəticəsində bölgələrimiz, o cümlədən də doğma Qazaxımız sürətlə inkişaf edir, genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bütün bunlara görə ölkə başçısına minnətdar olmalıyıq ki, necə ki, sizlər 7 fevralda ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində ölkə başçısını dəstəkləməklə həmin təşəkkürü çatdırmış oldunuz”, - deyən millət vəkili kənd sakinlərinə razılığını ifadə edib. “Dövlət başçısının siyasəti, Onun gördüyü işlər bu gün Qazax rayonunda olduğu kimi icra edilir. Hər gün bunun şahidi oluruq”, - deyən millət vəkili səmimi fikirlərini səsləndirib. S.Seyidov rayonda vətəndaşlara olan səmimi münasibətə, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə rayon rəhbərliyinə millət vəkili, eyni zamanda, vətəndaş və bir qazaxlı kimi minnətdarlığını bildirib. 


Kənd sakinlərindən təqaüddə olan müəllim Cahangir Alnaqov, Ayvaz Osmanov və başqaları çıxış edərək onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə və millət vəkilinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini qeyd edən sakinlər son illər rayonda, eləcə də Aşağı Salahlı kəndində görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti razılıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin Kür çayının Aşağı Salahlı kəndindən keçən hissəsində sahilbərkitmə işlərinin davam etdirilməsi, köhnə məktəb binasında yerləşən Aşağı Salahlı kənd tibb məntəqəsi üçün yeni binanın tikintisi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını, aidiyyəti qurumlar qarşısında məsələ qaldırıldığını, məktub ünvanlandığını bildirib.

 

 



Geri qayıt