Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı təsərrüfatla məşğul olan Vətən müharibəsi iştirakçısı ilə görüşüb

İcra başçısı təsərrüfatla məşğul olan Vətən müharibəsi iştirakçısı ilə görüşüb


13-03-2024, 23:45


2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayonunun Çaylı kənd sakini mayor Ocaqverdiyev Samir Rəşid oğludur. 44 günlük haqq savaşında tarix yazan igid Vətən oğlu çox şükür ki, bu gün ailəsinin, doğmalarının, əzizlərinin yanındadır. Bu gün o, normal həyatını davam etdirir, hətta, təsərrüfatla da məşğul olur.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.


Martın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsi iştirakçısı Samir Ocaqverdiyevin təsərrüfat sahəsində də olub, əkin işləri ilə maraqlanıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən S.Ocaqverdiyev təsərrüfatla məşğul olduğunu, hazırda 7 hektar ərazidə kartof əkininə başladığını qeyd edib. Suraya və arizona sortlarının əkildiyini bildirib. 

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Samir kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə qayğı göstərməyin, diqqət ayırmağın hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

S.Ocaqverdiyev ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bugünükü ziyarətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.


Məlumat üçün qeyd edək ki, Ocaqverdiyev Samir Rəşid oğlu 23 fevral 1978-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinifini bitirib. 1993-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 1996-cı ildə həmin liseyi bitirib. Sonra təhsilini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində davam etdirib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin leytenantı kimi 701 saylı Hərbi Hissədə xidmətə başlayıb. 651 saylı Hərbi Hissədə mayor rütbəsində Hərbi Hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat şöbəsi üzrə müavin işləyib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. 14.10.2020-ci ildə Füzuli rayonunun Pirvahidli kəndində gedən ağır döyüşlər zamanı sağ ayağının bud nahiyyəsindən odlu güllə yarası və kəllə-beyin travması alıb. Mayor Samir Ocaqverdiyev yaralı olmasına baxmayaraq müalicə aldığı xəstəxanadan öz istəyi ilə yenidən Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi istiqamətində döyüşlərə qatılıb. Qusar rayonunda 651 saylı hərbi hissədə xidmətini davam etdirib. Ailəlidir, 2 övladı var. 15.01.2022-ci il tarixdə hərbi hissədən tərxis olunub. Döyüş meydanında göstərdiyi qəhrəmanlığına görə Respublika Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin, Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.


Geri qayıt