Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib


13-03-2024, 17:25


İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 

Sərəncamda da qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Martın 13-də Qazax Rayon İcra Hakimiyyətinin və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər iştirak ediblər.

Aksiya çərçivəsində Qazax rayonunun Dəmirçilər kəndi ərazisində küknar şamı, çinar və göyrüş olmaqla, 1600 ədəd ağac əkilib.  

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.


Geri qayıt