Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid gizir Elvin Əhmədovun evində aparılan təmir işləri ilə tanış olub
İcra başçısı şəhid gizir Elvin Əhmədovun evində aparılan təmir işləri ilə tanış olub12-03-2024, 21:05 |
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi. Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda hər zaman örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır. Ötən yazımızda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun icra aparatının məsul şəxsləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Əhmədov Elvin Qələndər oğlunun evində olması, igid Vətən oğlunun evinin dam örtüyünün dəyişdirilməsi, evində və həyətində aparılacaq təmir işləri ilə əlaqədar yerində baxış keçirməsi barədə məlumat vermişdik. Elə həmin gün görülməsi nəzərdə tutulan işlər ailə üzvlərinin iştirakı ilə müzakirə olunmuşdu. Bu gün isə artıq qəhrəman şəhidimizin evində təmir işlərinə başlanılıb. Martın 12-də rayon rəhbərliyi şəhidimizin evində olub, aparılan təmir işləri ilə maraqlanıb. İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. Şanlı Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu qeyd edən rayon rəhbəri Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin qürur duyduğunu vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Elvin, Ramin, İlham, Fərid, Akşin kimi oğullarımızın heç zaman unudulmayacağını, nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır. Şəhid ailələrinə göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcəkdir. Şəhid gizir Əhmədov Elvin Qələndər oğlu 15 yanvar 1990-cı ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyi bitirmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsində gizir rütbəsi daşımışdır. 19.09.2023-cü ildə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. 21.09.2023-cü ildə Qarapapaq kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 1 övladı var. Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, gizir Elvin Qələndər oğlu Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Qazax Rayon İcra Hakimiyyəti başçısının "Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında" 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncamına əsasən, şəhər ərazisində adsız olan küçələrdən birinə Elvin Əhmədovun adı verilmişdir.
Geri qayıt |