Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda icra başçısı müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində şəhidlərin məzarlarını ziyarət edib

Qazaxda icra başçısı müqəddəs Ramazan və Novruz bayramları ərəfəsində şəhidlərin məzarlarını ziyarət edib


11-03-2024, 19:50


2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi, 44 günlük haqq savaşı Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətdli ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifə yazıldı. 30 illik həsrətdən sonra düşmən tapdağı altında qalan ərazilərimiz bir-birinin ardınca azad edildi. Bu gün işğaldan azad edilən rayonlarda, kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin  qanı ilə yazılan zəfər müjdəsi, qalibiyyət simvoludur. 

Bu gün qürurla deyə bilərik ki, 2020-ci ilin Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. Xankəndi və Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Respublika Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidə və Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı. 

Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.

Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa edən, xalqımıza böyük Qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə ömür boyu borclu və minnətdarıq.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Fəaliyyətə başladığı ilk gündən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi müqəddəs Ramazan və qarşıdan gələn Novruz bayramları ərəfəsində 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn oğullarımızı da unutmayıb, şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb.

Martın 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən İkinci Şıxlı və Birinci Şıxlı kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısı həmin şanlı Zəfərdə payı olan qazaxlı oğullarımızın daim qəlblərdə yaşayacağını bildirib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını qeyd edib. 

“Nəinki dövlət məmurunun, hər bir Azərbaycan vətəndaşının borcudur ki, şəhidlərimizin xatirəsini əziz tutsun, ailələrinə sahib çıxsın, qayğı göstərsin. Bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq özümə borc bildim ki, həmişə olduğu kimi, şəhidlərimizi bayram ərəfəsində yad edim”, - deyən icra başçısı dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailəsinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.

Şəhid Nicat Nəsibovun atası Səməd Nəsibov və başqaları şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını, daim qayğı göstərilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Onlar üçün nə qədər çətin olsa da, bizləri, xalqımızı qalib ölkənin vətəndaşı edən oğulları ilə fəxr etdiklərini, qürur duyduqlarını vurğulayıblar. 

Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun məzarını ziyarət

 

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun məzarını ziyarət

 

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun məzarını ziyarət


 

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Qurbanov Davud Tariyel oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun məzarını ziyarət

 

Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun məzarını ziyarət

 

Ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Mustafayev Merik Musa oğlunun məzarını ziyarət

 

Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, şəhid əsgər Nəsibov Nicat Səməd oğlunun məzarını ziyarət


Geri qayıt