Əsas Səhifə > Manşet / İdman > Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Zəfər-2024” İdman Festivalı keçirilib

Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Zəfər-2024” İdman Festivalı keçirilib


5-03-2024, 17:32


Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub. 

Martın 5-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı 5 Mart -  Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Zəfər-2024” İdman Festivalı keçirilib.

Şəhərin mərkəzində yerləşən Fəxri Qazaxlılar parkında keçirilən festivalda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının digər məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, sektor müdiri Aliq Bağırov, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, idarənin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət-Sosial-İqtisadi Kollecin tələbələri, rayonun fəal gəncləri, könüllülər, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər. 


Festivalda Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi kitab sərgisində idman sahəsində nəşr edilmiş kitablar yer alıb. 

Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi maraqla izlənilib. 

Festivalda sərbəst güləş, taekvondo, cüdo, karate, boks, qol güləşi, ağırlıqqaldırma, şahmat, dama idman növləri üzrə idmançıların nümunəvi çıxışları olub. Kəndir dartma, darts, boks aparatı, bənövşə idman oyunları nümayiş olunub.

“Zəfər-2024” İdman Festivalına Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


Tədbirin aparıcısı, BDU-nun Qazax filialının 2-ci kurs tələbəsi Nigar Mahmudova idman festivalını açıq elan edərək idmançıları, gəncləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək qocaman idmançılar başda olmaqla, bütün idmançıları, festival iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə səmimi ürək sözlərini, təbriklərini çatdırıb. G.Həsənova suveren, müstəqil, müasir Azərbaycanın vətəndaşları olaraq Zəfər İdman Festivalında iştirak etdiyimizə görə ilk növbədə canlarını bu amal uğrunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduğumuzu vurğulayıb. G.Həsənova əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə idmanın inkişafı istiqamətində hər zaman mühüm işlər görüldüyünü, İdman Komplekslərinin, zallarının inşa olunduğunu, idmançıların yüksək səviyyədə idmanla məşğul olmaları üçün hər cür şərait yaradıldığını qeyd edib. G.Həsənova ölkəmizdə digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan Bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşıldığını bildirib. 

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək idarənin rəisi Əziz Məsmalıyevin adından 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, xoş arzularını bildirib. Rəis müavini festivalın keçirilməsində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib, bu dəstəyi idmançılara olan qayğı kimi qiymətləndirib. E.Cəfərov idman sahəsində əldə edilən bütün bu uğurların əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində mümkün olduğunu qeyd edib. Rəis müavini 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkəsinə çevrildiyini söyləyib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqətin ildən-ilə daha da artdığını, dövlət başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman Komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarlarının buna əyani sübut olduğunu qeyd edib. Bu qərarların müsbət nəticələr verdiyini, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayının ildən-ilə artmasında mühüm rol oynadığını vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rayon rəhbərliyinin idmançılara göstərdikləri qayğının onlarda böyük ruh yüksəkliyi yaratdığını, daha böyük uğurlara sövq etdiyini söyləyib. E.Cəfərov daim Azərbaycan Bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımızın Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandıqlarını, idmançılarımızın da Şəhidlik zirvəsinə ucalaraq qanları tarix yazdıqlarını vurğulayıb. Rəis müavini 28 fevral-5 mart tarixlərində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən 21 tədbir keçirildiyini, həmin tədbirlərdən 9-nun Qazaxda təşkil olunduğunu qeyd edib.

Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində idman müəllimi, “Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş Rayət Əliyev çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, xoş arzularını çatdırıb. R.Əliyev Ulu Öndər Heydər Əliyevin idman sahəsinə, idmançılara verdiyi yüksək dəyərdən söz açaraq onun söylədiyi “Mən dünyada xalqını, ölkəsini idman qədər tanıdan ikinci bir sahə tanımıram” fikrini səsləndirib, dahi şəxsiyyəti ehtiramla anıb. R.Əliyev qazanılan nailiyyətlərdə olduğu kimi, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdə, qələbədə idmançılarımızın da böyük payı olduğunu bildirib. İdmançılarımızın beynəlxalq yarışlarda olduğu kimi, döyüş meydanında da tarix yazdıqlarını söyləyib. 

Sonra qonaqlar və festival iştirakçıları idmançıların nümunəvi çıxışları ilə tanış olub, onlarla xatirə şəkli çəkdiriblər. 

Daha sonra festival gənc ifaçıların iştirakı ilə konsert proqramı ilə davam etdirilib. Əyləncəli oyunlar və idman sahəsinə həsr olunmuş viktorina keçirilib.

Festivalda idmançılar, fəal gənclər və könüllülər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Viktorina qalibləri sertifikat və hədiyyə ilə mükafatlandırılıblar.






Geri qayıt