Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib


13-02-2024, 19:55


Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə öz əksini tapır. Ən əsası da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman bunun şahidi oluruq. Ölkə başçısının vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.


Fevralın 13-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə "İgidliyə görə”, "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, I dərəcəli Vətən müharibəsi əlili Kərimov Röyal Şəadət oğlunu qəbul edib, onun səhhəti və qayğıları ilə maraqlanıb, qazini narahat edən məsələləri dinləyib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Birinci Qarabağ və Vətən müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısının Qazax rayonunda hər zaman nümunə götürüldüyünü, eyni zamanda, bu qayğının hər bir dövlət məmuruna örnək olduğunu söyləyib.

Rayon rəhbəri həmçinin, fəal gənc, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının sədri İbrahimova Pəri Vidadi qızını və rayonun Canalı kənd sakini Xəlilov Çingiz Qədir oğlunu müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.



Geri qayıt