Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı dünən dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı Fərid Kərimlinin ailəsinə başsağlığı verib
İcra başçısı dünən dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı Fərid Kərimlinin ailəsinə başsağlığı verib23-12-2023, 15:56 |
2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız bizi sonunda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq. 44 günlük Vətən müharibəsində iştirak edən oğullardan biri də döyüş meydanında göstərdiyi igidliyinə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Bala Çaylı kəndinin igid oğlu (MAHHXHQ) kiçik çavuş Kərimli Fərid Vüqar oğludur. Fərid Kərimli 26 noyabr 1996-cı ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2003-2014-cu illərdə Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbdə təhsil almışdır. 2015-cı ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2016-cı ilin iyul ayında tərxis olunmuşdu. 07.05.2020-ci il tarixdən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (MAHHXHQ) kimi xidmətə başlamışdı. 27.09.2020-ci il tarixdə başlayan 44 günlük Vətən müharibəsində işlədiyi hərbi hissənin tərkibində Füzuli-Xocavənd istiqmətində gedən döyüşlərdə iştirak etmişdir. Qarabağ veteranı idi. Vətən müharibəsindən sonra uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən igid Vətən oğlu dekabrın 22-də dünyasını dəyişib. 23 dekabr 2023-cü il tarixdə qəhrəman eloğlumuz doğulub boya-başa çatdığı Bala Çaylı kənd qəbiristanlığında dəfn olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Bala Çaylı kəndində olub, dəfn mərasimində iştirak edərək dünyasını dəyişən Fərid Kərimliyə Allahdan rəhmət diləyib, ailə üzvlərinə səbir arzulayıb, yaxınlarına, doğmalarına başsağlığı verib. Nə qədər ki, Azərbaycan xalqı var Fərid kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Fərid tək oğullarımızdan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu!
GOYEZEN.AZ Geri qayıt |