Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında poeziya bayramı keçirilib
Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında poeziya bayramı keçirilib20-12-2023, 17:46 |
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevi illər ötsə belə qədirbilən Azərbaycan xalqı hər zaman ehtiramla anacaq. Xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub. Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətdir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. Müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Dekabrın 20-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax zona filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq şairi Səməd Vurğunun dəyərli kəlmələri olan “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında poeziya bayramı keçirilib. Poeziya bayramında Ulu Öndər Heydər Əliyevin ziyalılarımıza, saz-söz adamlarına, hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərməsindən, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmasından, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin olmasından, Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini sevməsindən, həmin şeiri söyləyərkən belə kövrəlməsindən və Xalq şairinə olan ehtiramından söhbət açılıb. Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, qonaqlardan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Cabir (Dadaşova), Ağstafa və Tovuzdan olan yazarlar, AYB-nin üzvləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, Yuxarı Salahlı kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin qarşısında Xalq şairi Səməd Vurğunun heykəli önünə gül dəstələri düzərək dəyərli ziyalımızın əziz xatirəsini ehtiramla anıblar.
Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Ulu Öndərin səsində Xalq şairi Səməd Vurğunun qələmə aldığı “Azərbaycan” şeiri səsləndirilib.
Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, şairlər saz, söz adamlarının yurdu olan Qazaxda keçirilən poeziya bayramında bir yerdə olmaqdan məmnunluq duyduğunu qeyd edib, səmimi ürək sözlərini bölüşüb. B.Vüsal Ulu Öndər Heydər Əliyevin ziyalılarımıza, ədəbiyyatımıza, poeziyamıza verdiyi dəyərin, göstərdiyi diqqət və qayğının bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Şair B.Vüsal dövlətin, ölkə başçısının ziyalılarımıza olan qayğısını Qazaxda rayon rəhbərliyinin timsalında aydın şəkildə hiss etdiklərini, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən ziyalılarımıza, yazarlara, saz, söz adamlarına daim qayğı göstərdiyini, diqqət ayırdığını vurğulayıb. Şair çıxışında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin respublikamızın hər yerində, o cümlədən də Qazax rayonunda silsilə tədbirlərlə qeyd olunduğunu, keçirilən hər bir tədbirin dahi şəxsiyyətə olan ehtiramın nümunəsi olduğunu söyləyib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Xalq şairi Səməd Vurğunun dəyərli kəlmələri olan “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında keçirilən poeziya bayramının dahi şəxsiyyətin yubileyinə böyük töhfə olduğunu söyləyib. B.Vüsal nə qədər Azərbaycan xalqı var Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin daim qəlblərdə yaşayacağını qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə müxtəlif mövzuda, müxtəlif adda silsilə tədbirlər keçirildiyini, Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır” devizi altında keçirilən tədbirin həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib. İcra başçısı bildirib ki, zirvədə dayanan Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram”, eyni zamanda, “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” kəlamlarında onun dövlətini, xalqını sevməsini, dövlətinə, xalqına misilsiz xidmətlərini aydın şəkildə görmək olur. Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O, isə öz həyatını doğma Azərbaycan xalqına həsr etmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Bu gün hər birimiz qürurla deyə bilirik ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. İcra başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elmin, təhsilin və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Rayon rəhbəri “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” söyləyən Ulu Öndərin ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycan dilinin əhəmiyyətinin artdığını, milli dövlətçilik düşüncəsinin, təhsilin, mədəniyyətin yüksəlişinin təmin edildiyini bildirib. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılığın formalaşdığını söyləyib. Azərbaycançılıq ideologiyasının istər sovetlər dövründə, istərsə də müstəqillik dövründə məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdığını, Ulu Öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında azərbaycançılıq təliminin ön plana çəkildiyini diqqətə çatdırıb. İcra başçısı bildirib ki, Ümummilli Lider milli tərəqqini mədəni inkişafdan ayrı təsəvvür etmir, mədəni inkişafı milli varlığın irəliyə doğru hərəkətində əsas təkanverici amillərdən biri sayırdı. Bu nöqteyi-nəzərdən o, Azərbaycan xalqının ədəbi-bədii sərvətlərinə müstəsna dərəcədə böyük dəyər verirdi. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına böyük sevgisi həm də onun milli ədəbiyyatımıza böyük sevgisindən qidalanırdı. O, ədəbiyyatımızı, şəxsən özünün və eyni zamanda, xalqımızın qürur mənbəyi sayır, onun keçdiyi inkişaf yolunda milli varlığımızın və dövlətçiliyimizin tarixi mənzərəsinin dəqiq təsvirini görürdü. İcra başçısı Azərbaycan yazıçılarının X Qurultayındakı nitqində Ulu Öndərin qürur hissi ilə söylədiyi "Xalqımızın tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik. Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar" fikirlərinin bu gün də qürurla xatırlandığını qeyd edib. İcra başçısı bildirib ki, Ümummilli Lider ədəbiyyatla bağlı çıxışlarında klassik ədəbiyyatımıza həmişə böyük dəyər vermiş, milli tarixi varlığımızın təsdiqində, bir xalq və millət olaraq dünyada tanınmağımızda və qəbul edilməyimizdə klassiklərimizin çox dəyərli rollarından ürək dolusu danışmışdır. Ulu Öndər hər zaman Azərbaycan ədəbiyyatının görkəmli şəxslərini xüsusi diqqətdə saxladığını söyləyib. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyinin, 1976-cı ildə Əcəmi Naxçıvaninin 850 illiyinin, 1981-ci ildə Nizami Gəncəvinin 840 illiyinin, 1981-ci ildə Nəsrəddin Tusinin 780 illiyinin və digər klassiklərimizin yubileylərinin genişmiqyasda keçirilməsinin, eləcə də 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin, 1974-cü ildə Azərbaycan teatrının 100 illiyinin geniş qeyd olunmasının, 1979-cu ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsinin, bütün bunların böyük ədəbi-mədəni hadisəyə çevrilməsinin ədəbiyyatımıza olan qayğının bariz nümunəsi olduğunu qeyd edib. Rayon rəhbəri vurğulayıb ki, 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuş böyük şair Hüseyn Cavidin cənazəsinin 1982-ci ildə uzaq Sibirdən doğma vətəni Naxçıvana gətirilməsi, 1972-ci ildə Bakıda Nəriman Nərimanovun, 1973-cü ildə Mehdi Hüseynzadənin, 1980-ci ildə İmadəddin Nəsiminin, 1982-ci ildə Cəfər Cabbarlının əzəmətli abidələrinin ucaldılması, Göyçə mahalının Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsinin, Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstünün, Şuşa şəhərində Xurşidbanu Natəvanın büstünün və Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması ziyalılarımıza olan yüksək ehtiramın göstəricisidir. Görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin, Nəriman Nərimanovun, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Mirzə İbrahimovun, Hüseyn Ərəblinskinin, Mirzə Fətəli Axundzadənin, Fikrət Əmirovun, Xalq şairi Səməd Vurğunun və digər görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi məhz Ulu Öndər tərəfindən ədiblərimizə verilən diqqət və qayğının bariz nümunəsidir. Rayon rəhbəri qeyd edib ki, Qazax rayonunun Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun adını daşıyan Poeziya Evi 1976-cı ildən fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış bu sənət məbədgahı Səməd Vurğunun 70 illik yubileyi münasibətilə istifadəyə verilmişdir. Ulu Öndər Xalq şairi Səməd Vurğuna hər zaman yüksək dəyər, qiymət vermişdir. Ulu Öndər Heydər Əliyevin ustad şair Səməd Vurğun haqqında 1970-ci illərin ortalarından başlayan dəyərli çıxışları həddən artıq çoxdur. Dahi Şəxsiyyət Heydər Əliyev zaman-zaman çıxışlarında Səməd Vurğunun peşəkar siyasətçi və səriştəli ədəbiyyatşünas kimi zəngin irsini həm siyasi-ideoloji, həm də filoloji aspektdən təhlil etmiş, çox orjinal və dəyərli fikirlər söyləmişdir. 7 mart 1997-ci ildə Respublika Sarayında Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə Ulu Öndər Heydər Əliyevin Xalq şairinin ünvanına söylədiyi “Böyük şairimiz Səməd Vurğunun 90 illik yubleyi şeir, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır” fikirlərini diqqətə çatdıran rayon rəhbəri həmin qiymətli sözlərin bu gün də qürurla xatırlandığını, böyük şair Səməd Vurğunun Ulu Öndər tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. İcra başçısı bildirib ki, Səməd Vurğun XX əsrin əvvəlində dünyaya gəlib və az ömür sürərək 50 ildən sonra dünyasını dəyişibdir. XX əsr bəşər tarixində çox ziddiyyətli, mürəkkəb proseslər dövrüdür. Səməd Vurğunun yaşadığı illər həddindən artıq mürəkkəb, qarışıq, çətin olub. Birinci Dünya müharibəsi dünyaya nə qədər ziyanlar vurubdur. Ondan sonra Yer kürəsinin altıda bir hissəsində yeni bir quruluş, yeni ideologiya hökm sürməyə başlayıbdır. Sonra bəşəriyyət üçün ən təhlükəli olan faşizm meydana çıxıb. İkinci Dünya müharibəsi başlanıb, nə qədər insanlar qurban gedib. İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” başlayıb, yer üzündə yenə də gərginlik yaranıb, eyni zamanda, sülhü müdafiə etmək üçün qüvvələr yaranıbdır. Bunlar o dövrün ən böyük tarixi hadisələridir. Belə bir dövrdə yaşamaq, yaratmaq və yüksək yaradıcılıq səviyyəsinə çatmaq hər bir insana nəsib ola bilməzdi. Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedada, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda, ən gənc yaşlarından yazıb-yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur. Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur. Səməd Vurğun həddindən çox şeirlər, poemalar yazıbdır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan mövzusunda yazılan bütün poeziya nümunələri, o sıradan M.H.Şəhriyarın "Azərbaycan" şeiri və B.Vahabzadənin "Gülüstan" poeması məhz Səməd Vurğunun "Azərbaycan" şeirinin təsiri ilə yazılmışdır. Bütün bunlar onu göstərir ki, Səməd Vurğun ana dilimizi, Azərbaycan dilini təkmilləşdirib, inkişaf etdiribdir. Bu Səməd Vurğunun ən böyük xidmətlərindən biridir. Bizim hazırkı dilimiz 70, 80, 90 il bundan əvvəl olan dil deyil. İndiki dilimiz türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz Səməd Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı nəticəsində, onların şeirlərinin, əsərlərinin nəticəsində bu qədər gözəlləşib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu dilimizlə fəxr edirik və fəxr edə bilərik. İcra başçısı Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinin Ulu Öndərin taleyində də önəmli əhəmiyyət kəsb etdiyini və bu əsəri yüksək dəyərləndirdiyini, Ulu Öndərin hər zaman çıxışlarında Səməd Vurğuna yüksək qiymət verdiyini qeyd edib. İcra başçısı bildirib ki, Səməd Vurğun bizim hamımız üçün xalqına, millətinə, ölkəsinə, Vətəninə bir nümunə idi. Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri - Azərbaycanın müstəqilliyini, azadlığını görməsə də, onun ruhu bu gün bizimlədir. Bu gün biz hesab edirik ki, onun ruhu bu gün həddindən artıq şaddır, Azərbaycan xalqı azaddır, sərbəstdir və Azərbaycan Respublikası müstəqildir. Səməd Vurğunun “Azərbaycan” şeiri dillərdə əzbər olubdur. O qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir. Səməd Vurğunun “Azərbaycan” şeiri bu gün də müasirlərimizə, gənc nəsilə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir. Artıq əminliklə deyə bilərik ki, əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir, sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. İcra başçısı çıxışında Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən ədəbiyyata, ziyalılarımıza diqqət və qayğı göstərdiyini vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, 2008-ci ildə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin 100 illik yubileyi haqqında imzalanan Sərəncam, mühacirət həyatı yaşamış, represiyaya uğramış görkəmli Azərbaycan şairi Almas İldırımın yubileyinin ilk dəfə keçirilməsi barədə 16 aprel 2007-ci il tarixli Sərəncam, XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri olan Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinin keçirilməsi haqqında 17 aprel 2007-ci il tarixli Sərəncam, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında 23 dekabr 2011-ci il tarixli Sərəncam, Məshəti Gəncəvinin, M.F.Axundovun, Xurşidbanu Natəvanın, M.Ə.Sabirin, Rəsul Rzanın və İlyas Əfəndiyevin yubileyləri barəsində verilən sərəncamlar məhz Prezident tərəfindən Azərbaycan ədəbiyyatına verilən dəyərin bariz nümunəsidir. 10 fevral 2011-ci ildə Prezident İlham Əliyevin Qazaxda yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya Evinin açılışında iştirakı zamanı Xalq şairi Səməd Vurğun haqqında söylədiyi “O, böyük sənətkar, böyük şair, böyük vətəndaş olmuşdur. Əlbəttə, bu Poeziya evini belə gözəl vəziyyətə gətirib çıxarmağımız, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşının qəlbində əks-səda doğuracaqdır” dəyərli fikirlərinin Prezidentin ədəbiyyatımızın görkəmli ədiblərinə verdiyi dəyərdir. Prezidentin imzaladığı bütün sərəncamlar, sənət, elm və ədəbiyyat adamlarının, mədəniyyət işçilərinin yubileylərinin keçirilməsi, onlara fəxri adların verilməsi, orden və medallarla təltif olunması, Prezident təqaüdlərinin təyinatı, gənc istedadlarla əlaqədar təyinatlar dövlətimizin və ölkə başçısının ədəbiyyatımıza olan qayğısıdır. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Cabir çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Qazaxda olmaqdan, bugünkü tədbirdə, poeziya bayramında iştirak etməkdən məmnunluq duyduğunu söyləyib. Göstərilən qonaqpərvərliyə və tədbirə dəvətə görə rayon rəhbərliyinə razılığını ifadə edib. Z.Cabir xalqımızın böyük oğlu, dahi rəhbər Heydər Əliyevin uşaqlara, gələcəyimiz olan gənclərə hər zaman qayğı göstərdiyini, diqqət ayırdığını bildirib. Z.Cabir çalışdığı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirdiyini, özünün dahi şəxsiyyətə həsr olunmuş bir sıra metodiki vəsaitlər yazdığını, 100 illik yubileyinə töhfə olaraq hekayələr toplusu olan “Böyük Azərbaycanlı” adlı kitabı ərsəyə gətirdiyini qeyd edib. Vurğulayıb ki, özümə borc bildim ki, Ulu Öndərin 100 illiyi ərəfəsində uşaqlar üçün hekaylər yazım, dahi şəxsiyyətin uşaqlara olan qayğısını hekayələr formasında gələcək nəsillərə çatdırım. Müəllif kitabda Ulu Öndərin uşaqlarla olan şəkillərinin, uşaqlar haqqında səsləndirdiyi statların, fikirlərin və 13 hekayənin yer aldığını söyləyib. Z.Cabir bundan əlavə, Qarabağ, işğaldan azad olunmuş rayonlarımızın da gələcək nəsillərə tanıdılması istiqamətində lazımi addımlar atdığını, bu mövzuda da hekayələr yazdığını söyləyib.
Bu günlərdə Milli Məclisə səfər edən gənclərdən - Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüş barədə təəssüratlarını bölüşüb, səfər çərçivəsində gənclərin Fəxri Xiyabanda Xalq şairi Səməd Vurğunun və eləcə də digər ziyalılarımızın məzarlarını ziyarət etdiklərini, həmin gün qürur dolu anlar yaşandığını qeyd edib. P.İbrahimova görüşlə bağlı təəssüratlarını bölüşərək bildirib ki: “Biz ekskursiyaya getməzdən əvvəl bu səfəri təklif olaraq tədbirlərin birində səsləndirmişdik. Milli Məclisdən Qazaxımıza dəyərli deputatımız Səməd Seyidov və digər deputatlar qonaq gəlmişdilər. Biz deputatlarla olan həmin görüşdə şura gəncləri olaraq Milli Məclisdə olmaq barədə bir təklif irəli sürdük. Doğrusu bir balaca tərəddüd edirdik ki, görəsən bu təşəbbbüsümüz qəbul ediləcəkmi. Biz eyni zamanda, böyük ümidlə inanırdıq. Çünki bizim millət vəkilimiz Səməd Seyidov və rayon rəhbərimiz Rəcəb Babaşov vardı. Bu səfərin olacağına inandıq və ürəklə öz təklifimizi etdik. Çox sevindirici haldır ki, qısa bir zamanda bizim bu təklifimiz Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarova tərəfindən yüksək dəyərləndirildi və ali orqan olan Milli Məclisə bizim səfərimiz baş tutdu. Biz səfərdən əvvəl rayonumuzun kəndlərində, eləcə də şəhərdə yaşayan gənclərlə görüşdük, onların arzu və istəklərini, təkliflərini, onları narahat edən məsələləri dinlədik, qeydə aldıq və Milli Məclisdə səsləndirmək üçün bir proqram şəklində tərtib etdik. Biz şura gəncləri olaraq çalışdıq ki, Milli Məclisə olan səfərimiz təkcə adi görüş, ziyarət xarakterli bir səfər olmasın. Biz həm də Qazax gənclərini təmsil edərək onların arzu və istəklərini də həmin səfərdə səsləndirək. Çox sevindirici hal odur ki, bizim komitə sədrləri, millət vəkilləri ilə olan görüşlərdə səsləndirdiyimiz fikirlər, təkliflər yüksək qiymətləndirildi və hər birinə diqqətlə baxılacağı bildirildi. Bu gün biz şura gəncləri olaraq bu səfərin baş tutmasında əziyyəti keçən insanlara minnətdarıq. Bizim üçün yaradılan imkana, biz gənclərə olan etimada, inama görə Milli Məclisin sədri Sahibə xanım Qafarovaya, bizimlə görüşən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovaya, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova, deputat Ülviyyə Ağayevaya, ən əsası da hər zaman bizim qayğımızı çəkən, biz gənclərə dəstək olan rayon rəhbəri Rəcəb Babaşova minnətdarlığımızı, dərin təşəkkürümüzü bildiririk. Biz gənclər əminik ki, bu səfər bizim şəxsi həyatımız, karyeramız üçün bir stimul, güc mənbəyi olacaqdır”. Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səslənib. Qazax Regional Aşıqlar Birliyinin sədri Camoy Qurbanov saz havası üstə “Heydər oğlu İlhamımız” şeirini səsləndirib. Tovuzdan olan qonaqlardan AYB-nin üzvləri, şair Məzahir Alıyev “Qartalım Azərbaycanım”, Maarif Həsənoğlu “Haqqın var yaşamağa” şeirlərini səsləndirərək poeziya bayramına töhfə qatıblar. Ürkməzli kənd sənətkarlıq evinin müdiri, şairə Gülsənəm Cəlilova Ulu Öndərə həsr etdiyi “Yurduma mayakdır sönməz işığın” poemasından 1 parçanı təqdim edib. BDU-nun Qazax filialının tələbələri Allahverdi Süleymanov səsləndirdiyi Xalq şairi Xəlil Rza Ulutürkün “Dədə Heydər-Atatürk”, Tərlan Aslanlı səsləndirdiyi şair, publisist Məstan Günərin “Heydər elə, el Heydərə söykənib”, Aynur Musazadə səsləndirdiyi Xalq şairi Zəlimxan Yaqubun “Prezident ömrünün son saatları” şeirləri ilə poeziya bayramına xoş ovqat qatıblar. Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu dahi şəxsiyyətin 100 illiyinə həsr etdiyi “Ulu Öndər” şeirini səsləndirərək dahi şəxsiyyətə öz ehtiramını ifadə edib. AYB-nin üzvü, şair, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Allah özü göndərmişdi Heydəri” adlı şeirini səsləndirib, dahi şəxsiyyətin fəaliyyətinin hər anının bir tarix olduğunu söyləyib. Şair Yasin Cavan Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Azərbaycanımın Heydəri gəldi” şeiri ilə dahi rəhbərə ehtiramını çatdırıb. Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Ofelya Hacıməmmədova səsləndirdiyi Xanəli Kərimlinin “Onu zaman doğmuşdur”, Ayşə Qasımova səsləndirdiyi Xalq şairi Mirvarid Dilbazinin “Oğul qeyrəti” şeirləri ilə tədbirə toplaşanların könüllərini oxşayıblar. Yuxarı Salahlı kənd folklor evinin aşıqlar qrupunun ifa etdikləri “Halaldı” mahnısı, Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Geri qayıt |