Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi əlili Fikrət Əhmədovun üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
İcra başçısı ötən gün dünyasını dəyişən Birinci Qarabağ müharibəsi əlili Fikrət Əhmədovun üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib9-12-2023, 15:54 |
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid oğulları qəhrəmanlıqları ilə hər zaman tarix yazıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu isə torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən Birinci Qarabağ döyüşlərində sağlamlığını itirən qəhrəman oğullarımızdan biri də Dəmirçilər kəndinin igid oğlu 3-cü dərəcəli Birinci Qarabağ müharibəsi əlili Əhmədov Fikrət Həsən oğludur. Fikrət Əhmədov 19 sentyabr 1972-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1979-cu ildə Qazax Rayon Dəmirçilər kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Daha sonra təhsilini Qazax rayonunda texniki peşə məktəbində davam etdirmiş, traktorçu ixtisasına yiyələnmişdir. 1990-cı ildə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 18 ay orada xidmət etdikdən sonra Azərbaycana qayıtmış və Azərbaycan Ordusu sıralarına yazılmışdır. Füzuli və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə başından və ayağından yaralanmış, 3-cü dərəcəli Birinci Qarabağ müharibəsi əlili idi. Dekabrın 6-da dünyasını dəyişən qazimizin bu gün üç mərasimi olub. Bu gün Fikrət Əhmədov bizim aramızda olmasa da o, bizim qəlbimizdə əbədi yaşayacaq.
Dekabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədovla birlikdə Dəmirçilər kəndində olub, qazimizin evində keçirilən üç mərasimdə iştirak edib. “Özümə borc bildim ki, bu gün qazimizin üç mərasimində iştirak edim”, - deyən rayon rəhbəri dünyasını dəyişən qazimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyib, qazimizin övladı Həsən Əhmədova və yaxınlarına başsağlığı verib. Bütün qazilərimiz kimi, Fikrət Əhmədovun da unudulmayacağını, daim ehtiramla anılacağını söyləyib. GOYEZEN.AZ Geri qayıt |