Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan bina sakinləri ilə keçirilib

İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan bina sakinləri ilə keçirilib


23-11-2023, 18:52


Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır. 

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yaşayan binaların sakinləri ilə olub. Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə keçirilən səyyar görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, əməkdaşları, bina sakinləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bina sakinlərini salamlayaraq səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

Rayon rəhbəri Nəriman Nərimanov yaşayış massivində 46 çoxmənzilli yaşayış binasının yerləşdiyini, həmin binalardan 2-nin beşmərtəbəli, 41-nin ikimərtəbəli, 3-nün isə birmərtəbəli olduğunu qeyd edib. Rayonda aparılan quruculuq işlərindən söz açan icra başçısı bu binaların da blok və fasadında təmir işlərinin aparıldığını, dam örtüyünün dəyişdirildiyini bildirib. Dəmiryol və 49 saylı binaların qarşısında xeyir-şər evinin tikildiyini, binaların həyətinə yeni asfalt örtüyünün vurulduğunu, bu ərazidə yerləşən 4 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə təmir edildiyini söyləyib. Bina sakinlərinin qaldırdıqları məsələlərin müsbət həllini tapdığını diqqətə çatdırıb. Rayon rəhbəri sözügedən binaların “Abad məhəllə” kimi sakinlərə təqdim olunduğunu bildirib. Hazırda binaların həyətində və ətrafında iməcilik işlərinin aparıldığını, işıqlandırma sisteminin quraşdırıldığını söyləyib. 

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını, həmin məktəblərdən birinin də məhz Nəriman Nərimanov yaşayış massivində yerləşən Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəb olduğunu, sözügedən məktəbin təmirinin də nəzərdə tutulduğunu qeyd edib.


İcra başçısı Nəriman Nərimanov yaşayış massivindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Bu qəsəbənin Birinci Qarabağ müharibəsində 8 nəfər şəhid verdiyini bildirib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonundan 5 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 2 nəfərin Nəriman Nərimanov yaşayış massivində yaşadığını söyləyib. Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlunun, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlunun, Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlunun, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlunun, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdiyini vurğulayıb. 5 nəfər Birinci Qarabağ müharibəsi, 4 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, qanları ilə tarix yazan şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan söz açan icra başçısı illər ötsə belə şanlı zəfəri bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfərin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.  


Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, eləcə də digər kəndlərdə SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini söyləyib. Şəhərdə və kəndlərdə rabitə xəttinin yeniləndiyini, optik internet xəttinin çəkildiyini bildirib. Şəhərdə küçələrin asfaltlanmasının və işıqlandırılmasının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək görüş iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Siz vətəndaşlarla görüşmək, məmnunluq hissini duymaq qürurvericidir. Bir millət vəkili kimi bizim üçün bundan şərəfli heç nə ola bilməz”, - söyləyən S.Seyidov ölkə Prezidentinin vətəndaşlara olan qayğısını Qazaxda sakinlərə olduğu kimi çatdırdığı, hiss etdirdiyi üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Millət vəkili olaraq bundan sonra da Qazaxda görülən işlərə, qaldırılan məsələlərə dəstək verməyə hazır olduğunu söyləyib. 


Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini ifadə edib. Bugünkü görüşdən məmnunluq hissi duyduğunu söyləyib. Qazaxda görülən işləri, vətəndaşların qaldırdıqları məsələlərin həll olunduğunu gördükcə tək millət vəkili kimi deyil, ölkə vətəndaşı olaraq qürurlandığını söyləyib. Hər zaman olduğu kimi, bundan sonra da dəstək olmağa hazır olduğunu səsləndirib. 


Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.  Sakinlərdən Dilarə Nağıyeva və başqaları onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə və millət vəkillərinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları Nəriman Nərimanov yaşayış massivində daim yeniliklərin, binaların əsaslı şəkildə təmir olunmasının, binaların həyətinə yeni asfalt örtüyünün vurulmasının əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə bina sakinləri adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər Nəriman Nərimanov yaşayış massivində 38, 39 saylı binaların həyətlərinin asfaltlaşdırılması və işıqlandırılması, Nəriman Nərimanov yaşayış massivində yerləşən 9 binanın (13,28,29,30,39,40,41,50 və 51 saylı binalar) təmiri, Vətən müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi, Nəriman Nərimanov yaşayış massivində yerləşən 30,32,34,38 və 39 saylı binaların kanalizasiya xətlərinin yeni xəttə qoşulması ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətinə cavab olaraq qaldırılan məsələlərin nəzarətə götürüləcəyi, həlli istiqamətində lazımi addımlar atılacağı qeyd edilib.

GOYEZEN.AZ


Geri qayıt