Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda daha beş küçəyə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan və ordenlə təltif olunmuş qəhrəman oğulların adı verilib
Qazaxda daha beş küçəyə Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan və ordenlə təltif olunmuş qəhrəman oğulların adı verilib17-11-2023, 22:26 |
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə ucaldı. Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 Noyabr – Zəfər Günü ərəfəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının və Daxili İşlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” imzaladığı 7 noyabr 2023-cü il tarixli Sərəncama əsasən orden və medala layiq görülənlər arasında Qazaxın igid, mərd oğullarının da adı var. Müvafiq Sərəncama əsasən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə yüksələn gizir Şəmşiyev İlham Şakir oğlu, gizir Əhmədov Elvin Qələndər oğlu, (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, əsgər Nəsibov Akşin Vasif oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olundular. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Hər kəsin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Həyata keçirilən nümunəvi işlərdən biri də Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də digər döyüşlər zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə yaradılmış guşədir. Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi bir ünvandır. Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də daim əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər zaman xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması şəhidlərimizə olan hörmət və etiramın təcəssümüdür. 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi də bu sahədə atılan nümunəvi addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq işdir. Vətən uğrunda canlarından keçən igid oğullarımızın adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndlərinə əsasən və RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış Komissiya”nın 17.11.2023-cü il tarixli 03 saylı Protokolu nəzərə alınaraq 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış, ölümlərindən sonra ölkə başçısının müvafiq Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş 5 nəfər qəhrəman oğulun adı əbədiləşdirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 17 noyabr 2023-cü il tarixli 9-23/273 nömrəli Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən şəhər ərazisində adsız olan 5 küçəyə - gizir Şəmşiyev İlham Şakir oğlunun, gizir Əhmədov Elvin Qələndər oğlunun, (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlunun, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlunun, əsgər Nəsibov Akşin Vasif oğlunun adı verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov küçə adları verilən şəhidlərimizin ailələri ilə görüşüb, igid Vətən oğullarının adlarını daşıyacaq küçələri diqqətə çatdırıb. İcra başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. İcra başçısı qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri yeni adlandırılacaq küçələrdə ünvan lövhələrinin yerləşdirilməsi, həmçinin, yerlərdə əhalinin maarifləndirilməsi, eləcə də digər məsələlərin təmin edilməsi üçün lazımi addımlar atılacağını bildirib. İcra başçısı Vətən torpaqlarının ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb. 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Vətən müharibəsində, eləcə də digər döyüşlərdə, o cümlədən antiterror tədbirləri zamanı adlarını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı və qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Rayon rəhbəri 15 oktyabr 2023-cü il tarixinin də Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldığını, 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırıldığını qeyd edib. Müzəffər Ali Baş Komandanın söylədiyi “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir” sözlərinin hər kəsi qürurlandırdığını vurğulayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin cari ilin 17 oktyabr tarixində Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi “Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. Belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Bilməlidir ki, bizim xalqımız hansı çətin sınaqlardan çıxıb, əyilməyib, sınmayıb, özünə inanıb, ordusuna inanıb” fikirlərinin bu gün hər birimizə nümunə olduğunu söyləyib. “Hər birimizin qəlbində bütün şəhidlərimizin xatirəsi əzizdir. Bu gün İlham, Elvin, Ramin, Fərid, Akşin kimi oğullarımızla hər bir azərbaycanlı, qazaxlı fəxr edir”, - deyən icra başçısı bütün şəhidlərimiz kimi, onların da heç zaman unudulmayacağını qeyd edib. Nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Bütün şəhidlərimiz kimi, onların da adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü, Şəhidlər xiyabanına şəkilləri əks olunmuş lövhələrin vurulduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşəyə şəkillərinin əlavə edildiyini, həmçinin, şəhidlərimiz haqqında yazılacaq növbəti yeni kitabda onların da qəhrəmanlığının əks olunacağını, onlar haqqında yazılan xatirələrin yer alacağını söyləyib. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin "Şəhidlərimizin, şəhid ailələrinin qarşısında baş əyirəm!” söyləməsinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "Qazlərimizin yarası bütün Azərbaycan xalqının, Azərbaycanın yarasıdır!” deməsinin bu gün ölkə vətəndaşı olaraq hər kəsə örnək və nümunə olduğunu vurğulayıb. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib. GOYEZEN.AZ Geri qayıt |