Əsas Səhifə > Manşet / Şəhidlər > Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan baş çavuş Ramin Hüseynovun bu gün qırx mərasimi keçirilib
Qarabağda antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan baş çavuş Ramin Hüseynovun bu gün qırx mərasimi keçirilib31-10-2023, 18:24 |
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu da Şəhidlik zirvəsinə yüksəldi. Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. Oktyabrın 31-də qəhrəman şəhidimiz - Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (MAHHXHQ) baş çavuşu Hüseynov Ramin Rövşən oğlunun uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı gündən qırx gün ötür. İgid Vətən oğlu hörmət və ehtiramla anılıb. Oktyabrın 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı Hərbi Hissəsinin hərbi qulluqçuları, şəhid ailələri igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Qəhrəmanın ruhuna dua oxunub, əziz xatirəsi ehtiramla yad edilərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyiblər. İcra başçısı Rəcəb Babaşov şəhidlərimizə Allahdan rəhmət, ailə üzvlərinə bir daha səbir diləyib. Şanlı Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu bildirən icra başçısı Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, Qazaxın qəhrəman oğulları ilə hər kəsin qürur duyduğunu vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu vurğulayıb. Rayon rəhbəri İlham, Elvin, Ramin, Fərid, Aqşin kimi oğullarımızla hər bir azərbaycanlının, qazaxlının fəxr etdiyini söyləyib. Bütün şəhidlərimiz kimi, onların da heç zaman unudulmayacağını, Azərbaycan xalqı var olduqca şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib. Rayon rəhbəri qeyd edib ki, ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə nümunə olmalıdır. Şəhid ailələrinə göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcəkdir. Məlumat üçün bildirək ki, şəhid Hüseynov Ramin Rövşən oğlu 1 iyun 1987-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə müddətli həqiqi hərbi xidmətə yola düşmüşdür. 2008-ci ildə hərbi xidməti başa vurmuşdur. 2012-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında MAHHXHQ işləyirdi. 19.09.2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 22.09.2023-cü il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, 3 övladı yadigar qalıb. Geri qayıt |