Əsas Səhifə > Manşet / Şəhidlər > “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətov ildönümündə ehtiramla yad edilib
“Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi kiçik gizir Röyal Mədətov ildönümündə ehtiramla yad edilib24-10-2023, 12:57 |
2020-ci il hərb tariximizdə və xalqımızın yaddaşında uzun illər Qələbə, Zəfər ili kimi xatırlanacaq. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun 27 sentyabrda başlayan Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad edərək qazandığı tarixi Qələbəni heç zaman unutmayacağıq. Çünki 44 günlük Vətən müharibəsində soydaşlarımızın 30 illik yurd, torpaq həsrətinə son qoyuldu. Qalib ölkənin vətəndaşı olaraq bu gün də Qarabağa Böyük Qayıdışın təntənəsini yaşayır, bu Qələbəyə, Zəfərə görə Ali Baş Komandana, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını torpaq üçün fəda edən qazilərimizə borclu və minnətdarıq. Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşən, yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazan və 28 yaşında Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Xüsusi Təyinatlı Dəstənin kiçik giziri Mədətov Röyal Şahin oğludur. Oktyabrın 24-ü döyüş yoldaşlarının “Qara qartal" ləqəbi verdiyi, göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Röyal Mədətov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Oktyabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, şəhid ailələri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. İcra başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla anıb. Rayon rəhbəri Röyalın sıravi bir vətəndaş, gənc deyil, uşaq yaşlarından əsl vətənpərvər kimi yetişmiş bir qəhrəman olduğunu bildirib. Öz canını torpağa qurban verən, 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində igid Vətən oğlunun döyüş meydanında göstərdiyi igidliyin hər zaman gələcək nəsillərə örnək olacağını qeyd edib. Şəhidimizin göstərdiyi igidiliyin Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini qeyd edən icra başçısı onun ölümündən sonra bir orden və altı medalla təltif olunduğunu vurğulayıb. Bütün bunların qəhrəman şəhidimizin 44 gündə keçdiyi döyüş yolundan, onun necə igid, qorxmaz, vətənpərvər bir oğul olmasından xəbər verdiyini söyləyib. Rayon rəhbəri Vətənin azadlığı uğrunda canını fəda edən Röyal Mədətovun təkcə ailəsinin deyil, bütöv Azərbaycanın, doğma Qazax elinin övladı olduğunu bildirib. İcra başçısı qəhrəman şəhidlərimizin qəlbimizdə əbədi yaşayacaqlarını qeyd edib. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. Vətən müharibəsində adlarını tarixə qızıl hərflərlə yazdıran bütün şəhidlərimiz kimi, Röyal Mədətovun da Azərbaycan xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını, xatirəsinin daim əziz tutulacağını vurğulayıb. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, onların ailə üzvlərinə, qazilərimizə göstərdiyi qayğının Qazaxda ilk gündən əsas götürüldüyünü bildirib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. Şəhid anası Zərifə Cəlilova oğlu Röyalın timsalında bütün şəhidlərimizlə hər zaman fəxr edib, qürur duyacağını söyləyib. Şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun şəhid olduğu ilk gündən xatirəsinin daim yad olunmasını Röyalın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi göstərib. Şəhid Röyal Mədətov 14 may 1992-ci ildə Qazax rayonunun Əzizbəyli (indiki Hüseynbəyli) kəndində anadan olmuşdur. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 03.07.2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra 2012-ci ildən könüllü olaraq Azərbaycan ordu sıralarına qayıtmışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuş və yaralanmışdır. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir. “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 24.10.2020-ci il tarixdə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi. 28 yaşında Şəhidlik zirvəsinə ucalan kiçik gizir Röyal Mədətovun döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Qəhrəman şəhidimizin xatirəsini əbədiləşdirən iki bulaq inşa edilmişdir. Doğulduğu kəndin girəcəyində və təhsil aldığı məktəbin qarşısında adını yaşadan bulaq tikilmiş, dayanacaq qoyulmuşdur.
Geri qayıt |