Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda Vətən müharibəsi əlilinin evi təmirdən sonra istifadəyə verilib
Qazaxda Vətən müharibəsi əlilinin evi təmirdən sonra istifadəyə verilib21-10-2023, 14:01 |
2020-ci ilin 27 sentyabrı müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə və tarixi Qələbəyə gedən yolun başlanğıcı kimi yazıldı. 44 günlük Vətən müharibəsi, İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qalibiyyəti ilə başa çatdı. 2020-ci il illər keçsə də hər zaman Qələbənin qazanıldığı bir il kimi xatırlanacaq. Məhz o ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad olundu, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində 27 sentyabrda başlayan Vətən müharibəsində qazandığımız Qələbə bütün dünyaya Azərbaycan dövlətinin və ordusunun gücünü göstərdi. Bu gün xalq olaraq Qələbəni şəhidlərimizin qanı, canı bahasına əldə etdiyimizi heç zaman unutmuruq. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. 44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğludur. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. 3-cü dərəcəli Vətən müharibəsi əlilinin qəzalı vəziyyətdə olan evinin sökülərək yenidən qurulması Fəqan Rəhimovun timsalında dövlətin qazilərimizə olan növbəti qayğısıdır. Budur, igid Vətən oğlunun təmir edilən evi hazırdır. Yüksək səviyyədə təmir olunaraq məişət əşyaları ilə birlikdə qazimizin ailəsinə təhvil verilib. Oktaybrın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, digər aidiyyəti şəxslər 3-cü dərəcəli Vətən müharibəsi əlili Fəqan Rəhimovun yeni istifadəyə verilmiş evində olub, Onun xoş gününə şahidlik ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qazimizə yeni evində sağlam canla yaşamağı və ailə səadəti arzulayıb. Rayon rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Fəqan Rəhimov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Qazi Fəqan Rəhimov ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Yararsız vəziyyətdə olan evinin sökülərək yenidən qurulmasına görə əziyyəti keçən insanlara razılıq edib. Qazimizin atası Fazil Rəhimov, anası Xəzəngül Rəhimova, eləcə də Rəhimovlar ailəsinin xoş gününə gələnlər şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə təşəkkür edib, bu gün dövlətin qazilərə olan qayğısını Fəqanın timsalında aydın şəkildə gördüklərini söyləyiblər. Qazinin evinin təmir olunmasını, məişət şəraitinin yaxşılaşdırılmasını dövlətin qazilərə olan qayğısı kimi qiymətləndiriblər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbərliyi qazinin evində yaradılan şəraitlə tanış olublar. Məlumat üçün qeyd edək ki, Rəhimov Fəqan Fazil oğlu 4 iyun 1996-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbi bitirib. Orta təhsillidir. 9 sentyabr 2020-ci il tarixdən Qusar rayonunda N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. 6 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə sağ ayaq nahiyəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Fəqan Rəhimova Füzuli hərbi hospitalında ilkin tibbi yardım göstərilib. 09.10.2020-ci ildə Beyləqan RMX-da, 14.10.2020-ci il tarixdə Beyləqan rayon N saylı hərbi hissənin tibb məntəqəsində müalicə aldıqdan sonra 18.10.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün döyüşə qayıdıb. Hərbi xidmətdən tərxis olunub. 08.09.2021-ci il tarixdə III dərəcəli əlillik təyin edilib. Respublika Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Evin əvvəlki vəziyyəti
Evin təmirdən sonrakı vəziyyəti
Geri qayıt |