Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb

Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb


20-10-2023, 17:43


Bu gün əminliklə söyləyə bilərik ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun bariz nümunəsidir. Bu, eyni zamanda, hər bir dövlət məmuruna nümunə olmalıdır. 

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin əyani sübutudur.

Ötən yazımızda Kosalar kəndində keçirilən səyyar görüş zamanı kənd sakini Rüstəmov Cavanşir Hüseyn oğlunun kənd ərazisində yeni salınmış "Aydınlılar" adlanan məhəllədə 120-yə yaxın abonentin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün Cavanşir Rüstəmovun müraciətinin müsbət həllini tapması, Qazax Elektrik Şəbəkəsi tərəfindən sözügedən əraziyə yeni transformatorun qoyulması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 


Oktyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və Qazax Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimovla birlikdə Kosalar kəndində olub, sakinlərlə görüşüb. Kənddə sözügedən məsələnin həlli istiqamətində görülmüş işlərdən sonra mövcud vəziyyətlə maraqlanıb. 

İcra başçısı hər zaman olduğu kimi, bu gün də ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etdiyini, bütün sahələrdə vətəndaş məmnunluğunun əsas götürüldüyünü və keçirilən səyyar görüşlərin bu məqsədə xidmət etdiyini söyləyib. 


Rayon rəhbərliyinə görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, kənddə qeyd edilən ərazidə 160 KvA-lıq yeni transformator qoyulub. Qeyd edilib ki, 120 abonentin elektrik enerjisinin gərginlik düşgüsü ilə bağlı mövcud problemi aradan qaldırılıb. Əhali dayanıqlı və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilib. 

Vətəndaş Cavanşir Rüstəmov və digər kənd sakinləri onlara göstərilən qayğıya, eləcə də müraciətlərinə operativ şəkildə baxılmasına və həlli istiqamətində görülən işlərə görə ölkə Prezidenti İlham Əliyevə, “Azərişıq” ASC-nin sədri  Vüqar Əhmədova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Əziyyəti keçən insanlara razılıqlarını ifadə ediblər. 

GOYEZEN.AZ


Geri qayıt