Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda tütün əkini başa çatmaq üzrədir
Qazaxda tütün əkini başa çatmaq üzrədir13-05-2018, 23:28 |
Qazax rayonunda tütünün gəlirli olduğu nəzərə alınaraq bu il əkin sahələri daha da genişləndirilmişdir. Bu məqsədlə bu il 60 hektarda ştil əkilməsi nəzərdə tutulmuşdur. Əkin aparılacaq sahələrdə aqrotexniki tədbirlər vaxtlı-vaxtında başa çatdırılmış və ayrılmış torpaq şumlanaraq əkin üçün hazırlanmışdır. Sahələrə əkiləcək ştillər rayonun özündə yetişdirilmişdir. Bu məqsədlə Cəfərli kəndində 1000 kv.metr sahədə hazırlanmış istixanalarda kifayət qədər ştil yetişdirilərək sahələrə daşınmışdır. Artıq bir neçə gündür ki, rayonda tütün əkininə başlanılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tütün əkininin gedişatı ilə tanış olmaq üçün bu gün bir neçə kənddə olub. Rayon rəhbərliyi ilkin olaraq Kosalar kəndinə gəlib. İcra Başçısına məlumat verilib ki, bu il kənddə 32 hektar sahəyə ştil əkiləcəkdir. Bildirilib ki, əkin üçün ayrılmış sahənin birində əkin başa çatdırılmışdır. Digər sahə də şumlanaraq cərgələnmiş və əkinə hazırlanmışdır. Hal-hazırda hazır sahələrə ştil əkilir. Əkin aparılması üçün kifayət qədər işçi qüvvəsi də ayrılıb. Ştillər sahələrə köçürülən kimi suçular tərəfindən suvarılır. Artıq 27,5 hektar sahəyə ştil əkilmişdir. Rayonun Orta Salahlı kəndində isə ştil əkininə təzəcə başlanılıb. Rayon rəhbərliyinə məlumat verilib ki, bu il 7 hektar sahədə tütün yetişdirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə əkinə ilk gündən sürətlə başlanılmış və qısa müddətdə 1 hektardan çox sahəyə ştil əkilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əkin aparılan sahələrdə olan zaman zəhmət adamları ilə söhbətlər etmiş, tapşırıq və tövsiyələrini vermişdir. Əkinçilər qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gələcəklərini bildirmişlər. Bu günə kimi rayon üzrə 48 hektardan çox sahəyə ştil əkilmişdir. Sahələrdə iş sürətlə davam edir. Gələcək bol məhsulun bünövrəsi qoyulur. Elçin İSMAYIL Geri qayıt |