Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı yaralanmış qazaxlı igidlərlə görüşüb
İcra başçısı Qarabağda antiterror tədbirləri zamanı yaralanmış qazaxlı igidlərlə görüşüb12-10-2023, 13:19 |
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonunun 5 nəfər igid oğlu Şəhidlik zirvəsinə ucaldı. Yuxarı Salahlı kəndindən gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndindən əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər. Antiterror tədbirləri zamanı şəhidlərimizlə yanaşı, yaralılarımız da oldu. Qazaxın igid, mərd oğulları bir an olsun belə geri çəkilmədilər, ölümün gözünə dik baxaraq xidməti vəzifələrini layiqincə yerinə yetirdilər. Antiterror tədbirləri zamanı Qazaxın 11 nəfər igid oğlu yaralandı. Bu gün onlardan 5 nəfəri Bakı şəhərində yerləşən hərbi hospitalda, 6 nəfəri isə ev şəraitində müalicələrini davam etdirirlər. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə göstərdikləri dövlət qayğısını hər zaman əsas götürən rayon rəhbərliyi bütün qazilərimiz, yaralılarımız kimi, antiterror tədbirləri zamanı yaralanmış oğullarımızı da diqqətdə saxlayır. Oktyabrın 12-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov antiterror tədbirləri zamanı yaralanmış igid Vətən oğulları - Qızıl Hacılı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Rahib Ayət oğlu, Yuxarı Salahlı kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Allahyarov Ramil Cəlal oğlu, Aşağı Salahlı kənd sakini, (MAHHXHQ) çavuş Yusubov Rəhman Kamil oğlu, Xanlıqlar kənd sakini, 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə ölkə Prezidentinin müvafiq Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, (MAHHXHQ) Məmmədov Sənan Niyazi oğlu, Yuxarı Salahlı kənd sakini, müddətli həqiqi hərbi xidmətdə olan əsgər Qocayev Emin Anar oğlu ilə görüşüb. İcra aparatının məsul işçiləri ilə birlikdə yaralılarımızın qayğıları ilə maraqlanıb, istəklərini, təkliflərini dinləyib. İcra başçısı Rəcəb Babaşov bir daha şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralılarımıza cansağlığı, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. İcra başçısı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində düşmənin hər zaman məğlub olduğunu söyləyib. Ən əsası da Vətən uğrunda canından keçən bütün şəhidlərimizin qanının yerdə qalmadığını, qisaslarının alındığını bildirib. Rayon rəhbəri ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizlə, sağlamlığını itirən qazilərimizlə, eləcə də Qazaxın qəhrəman oğulları ilə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu vurğulayıb. Əldə etdiyimiz tarixi Zəfərlərə, Qələbələrə görə Müzəffər Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. “Hər biriniz bizim üçün əziz və doğmasınız. Sizin kimi oğullarla qürur duyuruq. Bu gün özümə borc bildim ki, sizlərlə görüşüm, qayğılarınızı dinləyim. Ən əsası da bir daha sizlərə minnətdar olduğumuzu çatdırım”, - deyən icra başçısı nə qədər Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını, qazilərimizin, yaralılarımızın heç zaman unudulmayacağını qeyd edib. “Hər bir şəhid ailəsi bizim üçün əziz və doğmadır. Şəhidlərimizin adlarını əziz tutmaq, yaşatmaq, qazilərimizə, yaralılarımıza qayğı göstərmək hər birimizin vəzifə borcudur. Ölkə başçısı, Birinci vitse-prezident şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər birimizə nümunə olmalıdır”, - deyən icra başçısı şəhid ailələrinə, qazilərimizə, yaralılarımıza göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyini qeyd edib. Yaralılarımız da öz növbələrində minnətdarlıq edib, razılıqlarını bildiriblər. İstər xəstəxanada müalicə alan zaman, istərsə də ev şəraitində davam etdirdikləri müddətdə dövlətin qayğısı ilə əhatə olunduqlarını vurğulayıblar. Onlara olan yüksək dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü həmin qayğının davamı kimi qiymətləndiriblər. GOYEZEN.AZ Geri qayıt |