Əsas Səhifə > Manşet / Rəsmi > "ABB Bank” ASC-nin Qazax filialının yeni binası müştərilərin ixtiyarına verilib
"ABB Bank” ASC-nin Qazax filialının yeni binası müştərilərin ixtiyarına verilib4-10-2023, 21:06 |
Ölkənin aparıcı banklarından olan “ABB Bank” ASC-nin Qazax filialı müştərilərinə yüksək səviyyədə xidmət göstərmək, məhsullarına əlçatanlığının təmin olunması məqsədilə təqdirəlayiq işlər görür. Belə ki, “ABB Bank” ASC-nin Qazax filialı artıq yeni binada müştərilərinə xidmət göstərəcək. Qazax şəhəri Heydər Əliyev prospekti 75 ünvanında yerləşən, müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni binada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hər cür şərait yaradılıb. Oktyabrın 4-də “ABB Bank” ASC-nin Qazax filialı yeni binasını müştərilərinin ixtiyarına verib. Bu münasibətlə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “ABB Bank” ASC-nin Filiallarla iş və satışa dəstək departamentinin direktoru Vüqar Uluxanlı, “ABB Bank” ASC-nin Qazax filialının müdiri Rahib Vəliyev, mərkəzi ofisin və filialın əməkdaşları iştirak ediblər. İlk olaraq yeni binanın rəmzi açılışı bildirən lent kəsilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bank rəhbərliyini, filialın əməkdaşlarını təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı ölkənin aparıcı bankı olan “ABB Bank” ASC-nin Qazax filialının sahibkarlıq fəaliyyətinin dəstəklənməsində, eləcə də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Filialın fəaliyyətini yüksək qiymətləndirən rayon rəhbəri bundan sonrakı işlərində də uğurlar arzulayıb. “ABB Bank” ASC-nin Filiallarla iş və satışa dəstək departamentinin direktoru Vüqar Uluxanlı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Yeni binanın istifadəyə verilməsi münasibətilə filialın əməkdaşlarını təbrik edib. Yeni istifadəyə verilən binada istər filial əməkdaşlarının rahat şəkildə çalışmaları, istərsə də müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi üçün müasir tələblərə cavab verən hər cür şərait yaradıldığını qeyd edib. V.Uluxanlı filialın əməkdaşlarına onlar üçün yaradılan şəraitdən daha səmərəli istifadə etmələrini, üzərilərinə düşən məsuliyyəti bir daha dərk edərək müştərilərə bundan sonra da layiqincə xidmət göstərmələrini tövsiyə edib. “ABB Bank” ASC-nin Qazax filialının müdiri Rahib Vəliyev çıxış edərək tədbir iştirakçılarını və rayon rəhbərliyini salamlayıb, iştiraklarına görə razılığını ifadə edib. A.Vəliyev qeyd edib ki, Beynəlxalq Bank respublika üzrə 1992-ci ildən fəaliyyətə başlayıb. Qazax filialı 1995-ci ildə açılıb. Hazırda filialın 14 nəfər əməkdaşı var. Əməkdaşlar koorporativ və pərakəndə bölmələr olmaqla 2 bölmə üzrə fəaliyyət göstərir. Rayon ərazisində 11 səyyar xidmət bankomatı yerləşdirilib. Yeni konsepsiyaya uyğun olaraq istifadəyə verilən binada ilk olaraq 7/24 saat xidmət guşəsi yaradılıb. Bank rayon üzrə 20000 nəfər təqaüd və digər növ müavinətləri ödənilən şəxslərə xidmət göstərir. Həmçinin, bank tərəfindən müştərilərə istehlak və bisnes kreditləri üzrə çevik xidmət göstərilir. A.Vəliyev filialın kollektivi olaraq bundan sonra da onlara olan etimadı doğruldaraq müştərilərə yüksək səviyyədə xidmət göstəriləcəyini qeyd edib. Sonra filialın yeni binası ilə tanışlıq olub.
GOYEZEN.AZ Geri qayıt |