Əsas Səhifə > Manşet / Şəhidlər > Qazaxda 27 Sentyabr - Anım Günü qeyd olunub
Qazaxda 27 Sentyabr - Anım Günü qeyd olunub27-09-2023, 13:34 |
Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından üç il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Artıq 3 ildir ki, 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində, eləcə də ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur. Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad ediblər. 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da anım tədbiri keçirilib. Anım tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat üzrə elmlər doktoru, professor İlham Pirməmmədov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və əlilləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, qaziləri salamlayıb, ürək sözlərini çatdırıb. Şəhidlərimizin xatirəsinə həsr olunmuş anım tədbirində iştiraklarına görə şəhid ailələrinə və qazilərimizə razılığını ifadə edib. İcra başçısı bildirib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd edilir. İcra başçısı Anım Günü ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət etdiyini, əziz xatirələrini ehtiramla andığını söyləyib. Rayon rəhbəri qeyd edib ki, hər zaman olduğu kimi, bu tarixi gündə də bir daha şəhid ailələləri qarşısında baş əyir, Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərə Allahdan rəhmət, ailə üzvlərinə səbir diləyirəm. İcra başçısı bu gün 27 sentyabrın təkcə ölkəmizdə deyil, eləcə də bütün dünyada yaşayan soydaşlarımız tərəfindən anım günü kimi qeyd olunduğunu bildirib. Zaman-zaman düşmənin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən, 30 il işğal altında qalan torpaqlarımızdan söz açan rayon rəhbəri qeyd edib ki, nə Azərbaycan dövləti, nə də xalqımız o qanlı günləri heç zaman unutmur, bundan sonra da unutmayacaqdır. Rayon rəhbəri bildirib ki, 7 il öncə 2016-cı ildə başlayan Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Aprel döyüşləri düşmənə ordumuzun gücünü, əsgərlərimizin vətənpərvərliyini, Vətən eşqini, torpaq uğrunda şəhid olmaq sevdasını göstərdi. Düşmən bir daha anladı ki, Azərbaycan Ordusu hər an onları məhv etməyə qadirdir. İcra başçısı Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlunun - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlunun və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlunun da Şəhidlik zirvəsinə ucaldıqlarını söyləyib. Rayon rəhbəri vurğulayıb ki, şanlı Azərbaycan Ordusu 2020-ci ilin İyul döyüşlərində, Tovuz hadisələrində də bir daha düşmənə layiqli yerlərini göstərdilər. Həmin döyüşlərdə Yuxarı Salahlı kəndinin igid oğlu, şəhid mayor Əhmədov Namiq Hajan oğlu da qanı ilə tarix yazdı. Və nəhayət, 2020-ci ilin 27 sentyabrında erməni silahlı qüvvələri yenidən torpaq iddiasına düşərək sərhədlərimizdə təxribat törətməyə çalışdı. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmənin hücumunun qarşısını almaq üçün 27 sentyabrda Vətən müharibəsinə başladı. O Vətən müharibəsi ki, başlayan ilk gündən həm ordu, həm xalq Müzəffər Ali Baş Komandanın ətrafında yumruq tək birləşdi. Cəmi 44 gün davam edən Vətən müharibəsində şəhərlərimiz, rayonlarımız, kəndlərimiz, düşmən tapdağında olan torpaqlarımız qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edildi. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə bütün dünyaya Azərbaycan xalqını qəhrəman xalq, ordumuzu güclü ordu kimi təqdim etdi. İcra başçısı bildirib ki, 44 günlük Vətən müharibəsində 2908 nəfər igid Vətən oğlu Şəhidlik zirvəsinə ucaldı ki, onlardan 49 nəfəri Qazaxın igid, vətənpərvər oğullarıdır. Həmin dövrdə Qazaxın 2 nəfər igid Vətən oğlu isə xidməti vəzifəsini yerinə yetirərkən uca məqama – Şəhidlik zirvəsinə yüksəldi. 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. Rayon rəhbəri 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla, xeyli sayda şəhid verdiyimizi bildirib. Qazaxın igid oğullarının Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdiklərini qeyd edib. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlunun da Şəhidlik zirvəsinə ucaldığını söyləyib. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istər Vətən müharibəsində, istərsə də sentyabr hadisələrində qəhrəman oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Sentybarın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan rayon rəhbəri antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin növbəti dəfə böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib. Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ və Vətən müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbəri tərəfindən imzalanan Sərəncam və Fərmanlarda bu təbəqədən olan insanlara göstərilən qayğının xüsusilə əks olunduğunu vurğulayıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə nümunədir", - deyən icra başçısı bu amilin Qazaxda hər zaman əsas götürüldüyünü söyləyib. "Hər bir şəhid ailəsi mənim öz ailəmdir”, - deyən icra başçısı fəaliyyətə başladığı gündən şəhdlərimizin, onların ailələrinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. İcra başçısı sonda bir daha qeyd edib ki, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlər də əbədi yaşayacaqdır. Cənab Prezidentin dediyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb. Şəhid atası bildirib ki: “Bu gün bizim üçün danışmaq həm ağırdır, həm də qürurvericidir. Bu gün biz şəhidlərimizi yad edirik. Vətən sağ olsun deyib, biz şəhid ataları, anaları övladlarımızı üçrəngli Azərbaycan Bayrağı ilə bağrımıza basdıq. Övladlarımız şəhid olsa da biz tək qalmadıq, dövlətimiz, xalqımız bizi tək qoymadılar, bizim dərdimizə şərik oldular. Ən əsası da şəhidlərimizin qanları, canları bahasına biz Vətənsiz qalmadıq. Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda ən uca zirvədə dalğalanır. Bu gün Xocalıda şəhid olan soydaşlarımızın, bütün şəhidlərimizin ruhu şaddır. Bu gün onların qanları bahasına qurduqları, bizə əmanət etdikləri Vətən əmin əllərdədir. Sentybarın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı biz bir daha bunun şahidi olduq. İgid oğullarımız qanları ilə yenə də qəhrəmanlıq dastanı yazdılar. Düşmənə bir daha sübut etdilər ki, Azərbaycan torpağına heç kim yad gözlə baxa bilməz. Bu gün ölkə başçısı şəhid ailəsi qarşısında baş əyirəm söyləyirsə, özünü şəhid ailəsinin üzvü hesab edirsə, bu, biz şəhid ailələrinə verilən dəyərdir. Biz bu qayğını Qazax rayonunun timsalında aydın şəkildə görürük. Övladlarımız təkcə 27 Sentyabr – Anım Günündə deyil, hər zaman yad olunurlar”. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 44 günlük Vətən müharibəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizlə qürur duyduğunu söyləyib. Şəhid atası övladlarının qanının yerdə qalmadığını, Azərbaycan Silahlı Qüvvələrinin bu gün də şəhidlərimizin qisasını döyüş meydanında aldıqlarını, düşmənə layiqli yerlərini göstərdiklərini qeyd edib. Övladlarının yalnız bir əqidədə döyüşə atıldıqlarını, torpaqlarımızın azadlığı və bayrağımızın ucalarda dalğalanması naminə Şəhidlik zirvəsinə ucaldıqlarını bildirib. Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş əsgər Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək 27 sentyabrın 44 günlük Vətən müharibəsində tarix yazan şəhidlərimizin anım günü olduğunu, bu gün hər bir Azərbaycan vətəndaşının şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. “Mən şəhid anası kimi qürur duyuram. Ona görə ki, mən qəhrəman oğul böyütmüşəm. Şəhid analarına hər zaman deyirəm ki, qürurlu yaşayın, başınızı dik tutun. Çünki siz şəhid anaları şir ürəkli igid oğullar böyütmüsünüz. Qazilərimizə var olun deyirəm ki, sağlamlıqlarını Vətən yolunda itiriblər. Ən əsası da şəhid olan qardaşlarını döyüş meydanında qoymayaraq, çiyinləri üzərinə alaraq döyüş meydanından çıxarıblar”. Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bakı vaxtilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.
Geri qayıt |