Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Aslan Kəmərli küçəsində yaşayan sakinlərlə olub

İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Aslan Kəmərli küçəsində yaşayan sakinlərlə olub


7-09-2023, 20:04


Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili bütün sahələrdə ön plana çəkilir. Ən əsası da bu, Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz real əksini tapır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər də məhz bu məqsədə xidmət edir. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. 

İcra başçısının sentyabr ayında keçirilən ilk səyyar görüşü Qazax şəhəri Aslan Kəmərli küçəsində yaşayan sakinlərlə olub. Sentyabrın 7-də keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, yaşayış məntəqələrində keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. 

İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində respublikamızın bölgələrində, o cümlədən də Qazax rayonunda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini söyləyib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı xüsusilə ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparıldığını qeyd edib. Şəhərin Aslan Kəmərli küçəsinin də abadlaşan küçələr sırasında olduğunu, küçəyə yeni asfalt örtüyünün çəkildiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, SİP kabelləşmə işinin və müasir internet xəttinin çəkildiyini, bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhərin digər küçələrində asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib. 


Rayon rəhbəri hazırda şəhər ərazisində və rayonun kəndlərində “Azəronline”, “Delta Telekom”, “Metronet”, CityNet (Optik Tikinti və Montaj MMC) şirkətləri tərəfindən GPON texnologiyası ilə fiber optik xətləri üzərindən yüksəksürətli internet çəkildiyini qeyd edib. İcra başçısı vurğulayıb ki, ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da daim hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Elm və Təhsil Nazirliyi tərəfindən 964 şagird yerlik Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin yenidən qurulması, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi, həmçinin, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən bərpa olunması və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyətə başlaması Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsidir.


Rayon rəhbəri narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.

Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları Aslan Kəmərli küçəsində aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd ediblər. Bunun bariz nümunəsi olaraq bu yaxınlarda küçənin asfaltlanmasını, işıqlandırılmasını göstəriblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların Aslan Kəmərli küçəsindəki avtomobil yoluna sürət həddini bildirən yol nişanlarının qoyulması, küçəyə 2 ədəd zibil qutusunun qoyulması, Aslan Kəmərli küçəsinə paralel və kəsişən küçələrin asfaltlanması ilə bağlı müraciətləri dinlənilərək qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı, müsbət həll edilməsi istiqamətində lazımi addımlar atılacağı bildirilib.


Geri qayıt