Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Daş Salahlı kənd sakinlərinin su təminatının yaxşılaşdırılması məqsədilə görülmüş işlərin nəticəsi ilə yerində tanış olub

İcra başçısı Daş Salahlı kənd sakinlərinin su təminatının yaxşılaşdırılması məqsədilə görülmüş işlərin nəticəsi ilə yerində tanış olub


30-08-2023, 18:54


Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşlara göstərilən diqqət və qayğı dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil etməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir. Hər kəs yaxşı bilir ki, son illər ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu göstərir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. 

Ötən yazılarımızda Qazax rayonunun ən böyük kəndlərindən olan, 10 mindən çox əhalinin yaşadığı Daş Salahlı kəndində sakinlərin su təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülməsi barədə məlumat vermişdik. Abbasbəyli kəndində yerləşən Coğazçay su anbarından Daş Salahlı kəndinə gələn köhnə dəmir borular istismar müddətini başa vurduğu üçün kənd əhalisinin məişət suyu ilə təminatında müəyyən çətinliklər yaratması, bu səbəbdən Daş Salahlı Bələdiyyəsi tərəfindən sözügedən dəmir boruların yeni polietlin borularla əvəzlənməsi barədə qeyd etmişdik. Belə ki, köhnə dəmir boruların əvəzinə diametri 315 mm olan 500 paqonmetr uzunluğunda yeni polietilen borular çəkilib. Qazax Rayon Suvarma Sistemləri İdarəsinin və 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin əməkdaşları da işlərə cəlb olunmaqla artıq bu sahədə işlər yekunlaşıb.

 

Avqustun 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyəti şəxslərlə birlikdə Daş Salahlı kəndində olub, görülmüş işlərin nəticəsi ilə yerində maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, köhnə dəmir borular yeni polietilen borularla əvəzləndiyi üçün su itkisinin qarşısı alınıb və anbara gələn suyun həcmi əvvəlkindən xeyli dərəcədə artıb. Bu da o deməkdir ki, kənddə əhalinin su təminatı yaxşılaşdırılıb. 

Daş Salahlı kəndində su təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri kənd sakinləri də razılıqla qarşılayır. Sakinlər onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə edirlər.


Geri qayıt