Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda forum

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda forum


24-11-2017, 10:12
“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda forum
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. istiqamətlərdə bir sıra mühüm tədbirlər görülmüşdür.
Dövlət proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı və İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində "Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilmişdir.
Tədbirdə bir sıra rəsmi şəxslərlə yanaşı, Bakı şəhərindən, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak etmişdir. Forumda dövlət proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərlə yanaşı regionlarda inkişaf etdirilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması istiqamətində də Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilib. Rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri barədə məlumat verən Məhərrəm Quliyev Ağstafada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində qabaqcıl təcrübənin olduğuna diqqəti yönəldib. Cari ilin 9 ayı ərzində rayonda 1183 nəfər işlə təmin olunmuşdur ki, onlardan da 87,5 faizi daimi iş yeridir.
Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirmişdir ki, son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir.
M.Musayev qeyd etmişdir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaratmış, yeni iş yerləri açılmışdır. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinə uyğun surətdə biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanmış, biznes mühitin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarca islahat həyata keçirilmışdir. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilmişdir.
Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdən olduğunu deyən M.Musayev bildirmişdir ki, fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad edilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət subsidiyalarının ayrılması kənd təsərrüfatının, bununla yanaşı, regionların inkişafına təkan verməkdədir.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında bildirmişdir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb, ölkə Prezidentinin tapşırığı ilə yoxlamaların müddətinin növbəti dəfə uzadılması da sahibkarlığın inkişafına yönələn addımdır. Son vaxtlar həyata keçirilən sosial- iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın inkişaf etdiyini deyən nazir müavini bazar araşdırması aparmağın, bu sahədə baş verən prosesləri yaxından izləməyin sahibkarlar üçün faydalarından da söhbət açıb.
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etmişdir ki, ölkə Prezidenti kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir. Subsidiyaların və vergidən azadolma, bu sahədə həyata keçirilən təşviqedici layihələr fermerlər tərəfindən yüksək qiymətləndirilir. Tütün, barama, pambıq və digər sahələrdə ciddi irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran nazir müavini bildirmişdir ki, "Aqrolizinq” ASC bu il 10 minə yaxın texnika gətirərək istifadəyə verib. İl ərzində daha çox sahibkarlarla görüşdüklərini deyən İlham Quliyev əlavə etmişdir ki, gələcəkdə də sahibkarlarla belə tədbirlər davamlı olacaq.
“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda forum
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən dövrdə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu, rəhbərlik etdiyi rayonun da ölkənin qeyri-neft sektorunun inkişafında xüsusi payının olduğunu qeyd etmişdir. Bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görüldüyünü deyən Rəcəb Babaşov bildirmişdir ki, Azərbaycanın sürətli inkişafında bölgələrdə hər bir rayon üçün spesifik istehsal sahələri yaradılır. 2017-ci ilin 9 ayı ərzində Qazaxda 10 yeni müəssəsisə yaradılıb, 1350 daimi olmaqla, 1391 yeni iş yeri açılmışdır. Cari il ərzində rayonda əsas kapitala yönləndirilən investisiyanın həcmi 46 milyon 570 min 979 manat olub. Bunun 28 milyon 168 min 423 manatı sənaye müəssisələri, 17 milyon 237 min 556 manatı kənd təsərrüfatının, qalanı isə digər sahələrin payına düşür. Kənd təsərrüfatı və tikinti sektoru üzrə sahibkarlıq fəaliyyəti üzrə daha çox inkişaf etmişdir. Cari il ərzində sahibkarlarla 15 görüş keçirilib və bu iş bundan sonra da davam etdiriləcək.
Tovuz rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat -vermiş, sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilmiş uğurlar barədə danışmışdır.
Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azexport.az-ın təmsilçisi, Azərbaycan Banklar Assosiasiyası nümayəndəsi çıxış edərək ölkəmizdə yaradılan əlverişli investisiya mühiti, sahibkarlığa göstərilən dövlət qayğısından söhbət açmışlar.
Daha sonra Ağstafa rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına söz verilmişdir. "Carçıoğlu Group” MMC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, "Karvan-L” Eko Sənaye Parkı, "Saloğlu” fərdi firmasının nümayəndələri və digər sahibkarlar müəssisələri haqqında ətraflı məlumat verərək, onlara yaradılan dövlət qayğısından söhbət açmışlar.
Çıxışlar yekunlaşdıqdan sonra sahibkarları və ictimaiyyət nümayəndələrini maraqlandıran suallara cavablar verilmişdir.
Tədbirdən sonra forum iştirakçıları "Karvan-L” Eko Sənaye Parkı, "Ağstafa Aqroservis” MMC, "Akkord” tekstil fabiriki və "Saloğlu” mebel fabrikinə baxış keçirmiş, oradakı iş prosesi və şəraitlə yaxından tanış olmuşlar.
Hamlet Qasımov,
"Xalq qəzeti”nin bölgə müxbiri
24 noyabr 2017-ci il

Geri qayıt