Əsas Səhifə > Manşet / Gənclər > Qazaxda icra başçısı ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Qazaxda icra başçısı ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb


25-08-2023, 20:15


Artıq bir neçə gündür ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə baş tutan “Sağlam həyat vərdişləri” mövzusunda ASAPES Yay Məktəbinin iştirakçıları Qazax rayonundadır.

Qeyd edək ki, Yay Məktəbi 20-26 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində təşkil olunub. Yay Məktəbində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA), Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Ali Neft Məktəbinin (BANM), Bakı Mühəndislik Universitetinin (BMU), Azərbaycan Tibb Universitetinin (ATU), Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Musiqi Akademiyasının (BMA), Azərbaycan Dövlət İqtisadi Universitetinin (UNEC) tələbələri olmaqla, ümumlikdə, 65 nəfər gənc iştirak edir. 

Yay Məktəbinin keçirilməsində məqsəd “Əylənərək öyrənirik” prinsipi əsasında gənclərin qeyri-formal təhsil alətləri vasitəsilə fərdi və peşəkar inkişafına dəstək olmaqdır. 

Avqustun 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonda gənclər sahəsi üzrə fəaliyyət göstərən idarələrin rəhbərləri, mədəniyyət işçiləri və ziyalılarla birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüb.

Gənclərlə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 



Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. “Bu gün özümə borc bildim ki, gəlib sizlərlə görüşüm”, - deyən icra başçısı Qərbin qapısı sayılan Qazaxda qonaq olan gənclərlə görüşməkdən məmnun olduğunu bildirib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. 

“Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə daim diqqət və qayğı göstərilir. Siz gənclər müstəqil Azərbaycanın gənclərisiniz. Siz gənclərin parlaq gələcəyi olan gənclər kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgələri, yay məktəblərini həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında əsl qəhrəmanlıq tarixi yazdıqlarını dilə gətirib.


“Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda təşkil olunmuş Yay Məktəbinə görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev  başda olmaqla, əməyi keçən insanlara minnətdarlığını bildirib. 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə çıxış edərək onlara göstərilən qonaqpərvərliyə və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə, eləcə də Yay Məktəbinin yüksək səviyyədə təşkil olunmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. 

Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib. Gənclər özləri, eləcə də təmsil etdikləri bölgələr, təhsil aldıqları Universitetlər haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Yay Məktəbi, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənclər onlara göstərilən qonaqpərvərliyə, rayonla yaxından tanış olmaq üçün dünən təşkil edilən ekskursiyaya və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Yay Məktəbinin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını, yaradıcı gənclər olaraq bilik və bacarıqlarının artmasında böyük töhfə olduğunu vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin əməkdaşlarına, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevə, Yay Məktəbinin təşkilində əməyi olan insanlara, təlimlərdə əziyyəti keçən müəllimlərə minnətdarlıqlarını bildiriblər. Yay Məktəbinin yüksək səviyyədə təşkil edilməsində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə olan görüşə yekun vuraraq bir daha gənclərin ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənclərlə xatirə şəkilləri çəkdirib.

GOYEZEN.AZ


Geri qayıt