Əsas Səhifə > Manşet / Rəsmi > Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində sərhədçilər peşə bayramlarını qeyd ediblər
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində sərhədçilər peşə bayramlarını qeyd ediblər18-08-2023, 23:48 |
Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 ili tamam olur. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə başlayıb. Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib. Elə bu səbəbdən də üçrəngli bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılmasından, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyevin Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində verdiyi qərarlar sübut etdi ki, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadirdir. Onun 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərmanı Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi. Bu, eyni zamanda, Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət kəsb etməsinin göstəricisi idi. Son illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Azərbaycan sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı sahəsində də mühüm addımlar atılıb. 2007-ci ildə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı. 2008-ci ildə DSX Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başladılar. Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqətdə saxlayır. Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətinin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaradıb, dövlət sərhədlərinin toxunulmazlığının təminatı istiqamətində davamlı dinamik inkişafa nail olunub. Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər uğurla həyata keçirilir. Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə şəxsi heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik sistemləri, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən mənzillər sərhədçilərin istifadəsinə verilib. Azərbaycanın müstəqilliyinin bərpasından sonra milli suverenliyin möhkəmləndirilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin prioritet sahələrindən biri olub. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib. Buna misal olaraq 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar. Bu, Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən biri kimi tarixə düşüb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin son illərdə ciddi inkişaf yolu keçərək mükəmməl hərbi qurum səviyyəsinə yüksəlməsinin arxasında dövlət qayğısı, sərhədçilərimizə inam və etibar dayanır. Bu gün DSX-nin idarəetmə sistemi xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb, sərhəd nəzarəti məntəqələrində sənədlərin yoxlanılması üzrə müasir tipli laboratoriyalar yaradılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıqla təchiz edilib, bütün sərhəd keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub. Ali Baş Komandan İlham Əliyev DSX-nin hərbi potensialını nəzərə alaraq, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin qurum tərəfindən təhvil alınması barədə tapşırıq vermişdi. Bu tapşırığın DSX-nin hərbi qulluqçuları tərəfindən şərəflə icrası, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması və burada xidməti-döyüş fəaliyyətinin qurumun Sərhəd Qoşunları tərəfindən təşkili, bu istiqamətdə dövlət sərhədinin mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl işlər həyata keçirildi. Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsini DSX-nin mühafizəyə götürməsi onun bütövlüyünün təmin edilməsinin başlanğıcı oldu. Bu sınaqdan üzüağ çıxan DSX-nin şəxsi heyəti Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl şücaət nümayiş etdirdi. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qurumun qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edildi. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazini azad etdilər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirdilər. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu. DSX tərəfindən “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarıldı və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi. Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan ilə dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradıldı. Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər görüldü, bu ərazilərdə yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başladı. İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə Azərbaycan sərhədçiləri son iki ildə 20-dən yeni hərbi hissə kompleksinin fəaliyyətini bərpa edib. “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub, eləcə də “Füzuli” Beynəlxalq Hava Limanında sərhəd nəzarətinin işi təşkil edilib. Vətən müharibəsində DSX-nin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğı göstərilib, yaralanmış hərbi qulluqçular qurumun Hərbi Hospitalında, respublikamız ixtisaslaşmış tibb müəssisələrində müayinə, müalicə və reabilitasiya olunub. Onlardan ağır yaralanmış hərbi qulluqçular xarici ölkələrdə müalicə edilib. DSX-nin əsas təyinatı dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsidir. Dövlət sərhədlərimizin bütövlükdə mühafizə olunması Azərbaycan sərhədçisinin ən böyük missiyasıdır. Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Bu ilin aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Yeni yaradılan məntəqədə aprelin 26-da Azərbaycan Bayrağının ucaldılması mərasimi baş tutub və sərhəd-buraxılış məntəqəsindən Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib. Bu il avqustun 7-də Prezident İlham Əliyev DSX-nin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış olub. Xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişafı üçün kompleksdə hərtərəfli şərait yaradılıb. Dövlətimizin başçısına, həmçinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri nümayiş etdirilib. Bu müqəddəs vəzifəni sərhədçilərimizin ən yüksək səviyyədə yerinə yetirməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim qiymətləndirilir. Dövlətimizin başçısının dünən imzaladığı sərəncamlarla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə DSX-nin 53 hərbi qulluqçusunun ali rütbə, orden və medallarla təltif olunması sərhədçilərimizin xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirmələrinə və vətənpərvərliyinə verilmiş ali diqqət və qayğının növbəti təzahürüdür. Azərbaycan sərhədçiləri Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bu yüksək diqqət və qayğısından bəhrələnərək göstərilən etimadı layiqincə doğrultmaq üçün bundan sonra da Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağa, işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsini yüksək səviyyədə təşkilinə daim hazır və qadirdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 104 illik tarixinin şanlı səhifələrini ən yüksək əhval-ruhiyyə, Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur hissi ilə qarşılayırlar. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 18 Avqust - Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 illiyi qeyd olunub. Qazax Rayon İcra Hakimiyyətinin və Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, ağsaqqallar və ziyalılar, mədəniyyət və səhiyyə işiləri, sərhədçilər, KİV nümayəndələri iştirak ediblər. Əlamətdar gündə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə Azərbaycan Sərhəd Mühafizəsinin şanlı tarixini özündə əks etdirən sənədli filmə baxılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Qərargah rəisi polkovnik Muxtar Həmzəyev Əlahiddə Sərhəd Diviziyasının komandirinə raportla məruzə etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca tədbiri açıq elan edərək iştirakçıları, şəhid ailələrini və sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Aparıcı bu gün Azərbaycan Respublikasının tarixinə yazılmış əlamətdar günlərdən biri olduğunu, “Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü” kimi təsis edilməsi ilə bağlı Ulu Öndəri Heydər Əliyevin 16 avqust 2000-ci il tarixli 504 nömrəli Sərəncam imzaladığını, xalq olaraq bu günü sərhədçilərimizlə birgə qürurla qeyd etdiyimizi bildirib. Y.Qoca bildirib ki, Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan 4 nəfər ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfəri müxtəlif ordenlərlə, 5203 nəfəri isə müxtəlif medallarla təltif olunub. Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı, Cəbrayılın və Zəngilanın azad olunmasında, həmçinin İran-Azərbaycan Dövlət Sərhəddinin 132 km məsafəsini işğaldan tam azad edərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raportla məruzə etmiş general-mayor Misir Əliyev çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 104 illiyinə həsr olunmuş tədbirdə iştiraklarına görə razılığını ifadə edib. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramasını çatdıran M.Əliyev onun səmimi təbriklərini, sərhədçilərimizin ünvanına söylədiyi xoş sözləri səsləndirib. Müstəqil, qalib Azərbaycanın sərhədçiləri olaraq bundan sonra da sərhədlərimizin keşiyində ayıq-sayıq dayanacaqlarını, torpaqlarımızın ərazi bütövlüyü uğrunda səylə çalışacaqlarını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını və sərhədçiləri icra başçısı Rəcəb Babaşovun adından salamlayıb, səmimi təbriklərini və xoş sözlərini çatdırıb. Birinci müavin M.Alıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sərhədlərimizin keşiyində dayanan bütün sərhədçiləri əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını səsləndirib. Birinci müavin Respublika Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasını müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymət kimi qeyd edib. Bu gün sərhədçilərimizin öz peşə bayramlarını “Heydər Əliyev İli”ndə qürurla qeyd etdiklərini söyləyib. M.Alıyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanan Azərbaycan Ordusunun şücaətindən, gücündən geniş bəhs edib. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətini Prezident İlham Əliyev elə bir zirvəyə ucaldıb ki, bu gün Azərbaycan bütün dünyada nəinki güclü dövlət kimi tanınır, həm də artıq bizim gücümüzlə hamı hesablaşır. 44 günlük Vətən müharibəsindən söz açan birinci müavin qeyd edib ki, həmin döyüşlərdə güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadir olduğunu nümayiş etdirdi. Qazandığımız tarixi Qələbənin müəllifi isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimizdir. “İşğaldan azad olunmuş torpaqlarımızda, eləcə də digər sərhədlərimizin keşiyində dayanan sərhədçilərimizin də əməyi böyükdür”, - deyən M.Alıyev çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb. Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov çıxış edərək sərhədlərimizin keşiyində dayanan sərhədçilərimizi təbrik edib, bütün hərbçilərimizə cansağlığı, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Şəhid baş leytenant Samir Eyvazovun anası Vəfa Eyvazova çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edib. Vətən müharibəsi şəhidi Babək Həsənovun anası Gülarə Həsənova çıxış edərək sərhədçilərimizi təbrik edib. “Bu gün fəxr edirəm ki, şəhid Babək Həsənovun anasıyam. Öz oğlumla qürur duyuram. Öz torpağı, bayrağı üçün canından keçdi. Vətənimiz sağ olsun”, - söyləyən şəhid anası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Sonra 18 Avqust-Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının bir qrup hərbi qulluqçusuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub. Dövlət Sərhəd Xidməti “Qazax” Əlahiddə Sərhəd diviziyasının komandiri, general-mayor Misir Əliyev səmimi təbriklərə və onlara göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müvafiq Əmri ilə təltif olunmuş “Vətən müharibəsi iştirakçısı” medalları sahiblərinə təqdim olunub. DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin, Sərhəd qoşunları komandanı general-leytenant Araz Məmmədovun təltifləri təqdim edilib. Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd diviziyasının, dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkilində yaxından köməklik göstərdiyinə və sərhəd mühafizəsinin 104-cü ildönümü münasibətilə bir qrup əməkdaş komandir, general-mayor Misir Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub. Sonra bayram tədbiri konsert proqramı ilə davam etdirilib. Müğənnilər Nəsimi Kamaloğlunun, Zəmanə Dərvişin, Ramal Balacanovun, Vüsal Osmanlının, Bəyim Ağazadənin bir-birindən şən-şux mahnıları tədbirə böyük coşqu qatıb. Süleyman Həsənov və Türkan Rəhimovanın, “Bay Hoca” qrupunun üzvləri Müjgan Məhərrəmova və Cəmilə Məmmədovanın skripkada ifa etdikləri mahnılar alqışlarla qarşılanıb. Aşıq Samir Cəlaloğlunun ruhani musiqisi sədaları altında səsləndirdiyi “Torpaq” şeiri tədbirə toplaşanlara xoş anlar bəxş edib. GOYEZEN.AZ Geri qayıt |