Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda icra başçısı rayonda yeni istifadəyə veriləcək üzüm emalı, mini şərab istehsalı müəssisəsində olub və mövcud vəziyyətlə maraqlanıb
Qazaxda icra başçısı rayonda yeni istifadəyə veriləcək üzüm emalı, mini şərab istehsalı müəssisəsində olub və mövcud vəziyyətlə maraqlanıb16-08-2023, 19:30 |
Müstəqil Azərbaycanın qurucusu və memarı, dünya şöhrətli siyasətçi, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə sahibkarlığın inkişafına daim xüsusi diqqət göstərirdi. Çünki Ulu Öndər Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqda, onun tərəqqisində görürdü. Ulu Öndər ölkədə geniş iqtisadi islahatların həyata keçirilməsinə, o cümlədən sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına çalışırdı. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla inkişaf etdirilməsinə xidmət edir. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar. Avqustun 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda yeni istifadəyə veriləcək Qazax şəhəri, Əliağa Şıxlinski 18 K,18 L ünvanında yerləşən üzüm emalı, mini şərab istehsalı müəssisəsində olub və mövcud vəziyyətlə maraqlanıb. Müəssisə rəhbəri Bəhruz Dilbazi yeni fəaliyyətə başlayacaq istehsal müəssisəsi haqqında ətraflı məlumat verərək görülmüş və qarşıda nəzərdə tutulan işlərdən danışıb. B.Dilbazi bildirib ki, ümumi torpaq sahəsi 1,05 hektar, işçi sahəsi 380 kv.m olan müəssisənin inşasına 2021-ci ilin yanvar ayında başlanılıb. Təmir-tikinti işləri, avadanlıqların xaricdən alınması, quraşdırılması daxil olmaqla, müəssisənin ərsəyə gətirilməsinə hazırki vəziyyətə kimi 1 milyon 100 min manat investisiya qoyulduğunu qeyd edib. Müəssisədə əsasən yerli üzüm sortlarından şərab istehsalının, eyni zamanda, üzüm, alma sirkəsi, müxtəlif meyvə şirələrinin istehsal olunacağını bildirib. Müəssisənin fəaliyyəti üçün lazım olan məhsulların ona məxsus olan Bala Çaylı kəndində salınmış 6,3 hektar üzüm, 1,2 hektar meyvə bağlarından yığılmasının nəzərdə tutulduğunu bildirib. Müəssisədə ilkin olaraq 15-20 nəfərin çalışacağını söyləyib. Müəssisədə quraşdırılan avadanlıqların əsasən İtaliya istehsalı olduğunu və xarici mütəxəssislər tərəfindən quraşdırıldığını vurğulayıb. Gələcəkdə müəssisənin fəaliyyət və istehsal sahəsinin daha da genişləndiriləcəyini qeyd edib. İcra başçısı Rəcəb Babaşov rayonda yeni sosial obyektlərin açılmasını, müəssisələrin yaradılmasını vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib. B.Dilbazi ölkəmizdə sahibkarlara, iş adamlarına göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti sahibkarlara olan qayğı kimi dəyərləndirib.
Geri qayıt |