Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan sakinlərlə olub
İcra başçısının növbəti səyyar görüşü Qazax şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan sakinlərlə olub10-08-2023, 18:17 |
Bu gün ölkəmizdə aparılan dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdə, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdə öz əksini tapır. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər də məhz bu məqsədə xidmət edir. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir. İcra başçısının avqust ayında keçirilən növbəti səyyar görüşü Qazax şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində yaşayan sakinlərlə olub. Avqustun 10-da keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. “Hər bir dövlət məmurunun vəzifə borcu ölkə başçısının xalqa, vətəndaşa olan sevgisini olduğu kimi çatdırmaqdır”, - deyən rayon rəhbəri bu cür görüşlərin təməlində dövlət qayğısının dayandığını dilə gətirib. İcra başçısı avqustun 7-nin əlamətdar hadisə - Respublika Prezidenti İlham Əliyevin Qazax rayonuna səfəri ilə yadda qaldığını qeyd edib. Dövlət başçısının yenidən qurulan Qarapapaq-Çaylı avtomobil yolunun, Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsinin, “Venzana” mebel fabrikinin açılışlarında, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak etdiyini söyləyib. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində, Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olduğunu vurğulayıb. İcra başçısı son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində respublikamızın bölgələrində, o cümlədən də Qazax rayonunda genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini bildirib. Rayonda həyata keçirilən quruculuq işlərindən söz açan icra başçısı xüsusilə ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasını, səkilərə yeni tamet, bardür düzülməsini qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasını, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparıldığını qeyd edib. Şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsinin də abadlaşan küçələr sırasında olduğunu, küçəyə yeni asfalt örtüyünün çəkildiyini, müasir işıqlandırma sisteminin quraşdırıldığını, SİP kabelləşmə işinin və müasir internet xəttinin çəkildiyini, bu sahədə görülən işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhərin digər küçələrində asfalt örtüyünün vurulmasının nəzərdə tutulduğunu qeyd edib. Sakinlər onlarla görüşə gəldiyinə, daim qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də yaşadıqları M.Ə.Rəsulzadə küçəsində daim yeniliklərin, aparılan abadlıq işlərinin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə sakinlər adından təşəkkürlərini çatdırıblar. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağı, müsbət həll edilməsi istiqamətində lazımi addımlar atılacağı bildirilib.
GOYEZEN.AZ Geri qayıt |