Əsas Səhifə > Manşet / Şəhidlər > Millət vəkili Səməd Seyidov bu gün Aprel döyüşlərinin şəhidi Orxan Əliyevin ailəsini ziyarət edib

Millət vəkili Səməd Seyidov bu gün Aprel döyüşlərinin şəhidi Orxan Əliyevin ailəsini ziyarət edib


2-08-2023, 21:54


Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən artıq yeddi il ötür. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi Zəfər Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərdi. Aprelin 1-5 tarixlərində baş vermiş Azərbaycan xalqının qəhrəmanlığının nümayişi olan və Ordumuzun qələbəsi ilə nəticələnən döyüşlər Vətən müharibəsinin ilkin məşqi və tarixi Zəfərə aparan yol idi. Öz qələbəsi, əks-sədası ilə Azərbaycanın hərb tarixinə "dördgünlük müharibə” və ya "Aprel döyüşləri” kimi düşmüş tarixi Qələbəmizdən artıq 7 il arxada qalır. Azərbaycan Ordusunun, hərb tariximizin şanlı qələbələrindən olan, bizim qalibiyyətimiz, zəfər salnaməmiz olan 2016-cı ilin Aprel döyüşlərini xalqımız bu gün də qürur hissi ilə xatırlayır, yada salır. Çünki Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimiz olan Qarabağın və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya nümayiş etdirdi. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi kimi: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Bəli, Ali Baş Komandanımızın dediyi kimi də oldu. Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət daşıdı. Bu qələbə sayəsində "Böyük Qayıdış” prosesinə start verildi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. 7 il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırmaqla yanaşı, Ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı 7 il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu qüruru isə bizlərə Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçilərimiz, sağlamlığını itirən qazilərimiz, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğulları yaşatdı.

Aprel döyüşlərində qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğluAslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu Şəhidlik zirvəsinə ucaldı. Bu gün igid oğullarımızın yoxluğundan bizləri 7 il ayırsa da, onlar bizim qəlbimizdə əbədi yaşayırlar.

Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyü ilə əbədiyyətə qovuşan şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun xatirəsi də hər zaman əziz tutulur. 


Avqustun 2-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və köməkçisi Akif Əmirov qəhrəman şəhidimiz Orxan Əliyevin ailəsini ziyarət ediblər. 

Şəhidimizin ailəsinə baş çəkən rayon rəhbərliyi və millət vəkili bu gün Aprel döyüşlərindən 7 il ötsə də xalqımızın nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unutmadığını bildiriblər. "Qarabağ Azərbaycandır!” - deyərək döyüşə atılan igid Vətən oğullarının torpaqlarımızı düşməndən azad etməklə, həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağını dalğalandırdıqlarını qeyd ediblər. 7 il əvvəl Lələtəpədə dalğalanan bayrağımızın artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancıldığını söyləyiblər. Bu gün qazaxlıların 7 Milli Qəhrəmanı, Aprel şəhidləri, İyul döyüşlərinin qəhrəmanları, Vətən müharibəsi şəhidləri, Sentyabr döyüşlərinin qəhrəmanları, eləcə də bütün şəhidlərimizlə qürur duyduğunu vurğulayıblar. Bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda, bütün Azərbaycanın fəxri olduqlarını qeyd ediblər.

Şəhidimizin atası Məhəmməd Əliyev şəhidlərə, şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından dərin minnətdarlığını bildirib, rayon rəhbərliyinə və millət vəkilinə təşəkkürünü çatdırıb. "Bu gün övladım Orxanın, eləcə də bütün şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin qisası alınıb, torpaqlarımız azad edilib və o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarıq”, - deyən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. 


Qeyd edək ki, Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə  getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.

GOYEZEN.AZ


Geri qayıt