Əsas Səhifə > Manşet / Rəsmi > “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu


14-09-2016, 22:15

REFERENDUM – 2016 -------------------------------------


“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu

“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu sentyabrın 14-də Qazax rayonunun Dəmirçilər kəndində seçicilərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının sədri Həmid Pənahov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, əmin olduğunu söyləyib ki, ölkə vətəndaşları sentyabrın 26-da Referendum Aktına səs verəcəklər. H.Pənahov bu prosesdə Dəmirçilər kəndinin sakinlərini də fəal olmağa çağırıb.

Görüşdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə tədbir iştirakçılarını salamladıqdan sonra bildirib ki, Referendum Aktında ediləcək əlavə və dəyişikliklər olduqca vacib və əhəmiyyətlidir. Ölkəmizin çox ciddi hüquqi-siyasi hadisə ərəfəsində olduğunu deyən V.Rəhimzadə qeyd edib ki, Konstitusiya dəyişiklikləri Azərbaycanın gələcəyi, ölkəmizdə idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması, insan hüquqlarının daha yaxşı təmin olunması, milli və dövlət təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bu dəyişikliklərdə hər bir vətəndaşı maraqlandıran və onun istəklərinə cavab verən müddəalar var.

Milli Məclisin deputatı Kamran Nəbizadə Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışaraq qeyd edib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaqdır. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir.

Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.
“Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu
“Bələdiyyə” referendum üzrə təşviqat qrupunun vəkili Nihad Allahyarlı öz çıxışında qeyd edib ki, gələcəkdə Azərbaycanda insan hüquq və azadlıqlarının daha effektiv təminatını görəcəyik. Əsas məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılmasıdır. Bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Dəyişikliklərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutu yaradılacaq. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Bu yeni qurum öz-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Konstitusiya islahatları ilə bağlı təşəbbüsün ölkə Prezidenti İlham Əliyev tərəfindən irəli sürüldüyünü xatırladan natiq Dəmirçilər kənd sakinlərini də bu dəyişikliklərə səs verməyə çağırıb.

Çıxış edən Sərbəst güləş üzrə Azərbaycan Yığma komandasının böyük məşqçisi Firdovsi Umudov da Konstitusiya islahatlarının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, qazaxlılar ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafına xidmət etdiyini deyən F.Umudov kənd sakinlərinin bu prosesdə fəal olacağına əminliyini ifadə edib.

Görüşdə çıxış edən kənd sakinləri bütün seçkilərdə fəal iştirak etdiklərini bildirərək qarşıdan gələn ümumxalq səsverməsində də məhz belə olacağını deyiblər. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən sakinlər Konstitusiya islahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını vurğulayıblar.

Elçin İSMAYIL
Geri qayıt