Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid ailələrinin müraciətləri ilə yerində maraqlanıb
İcra başçısı şəhid ailələrinin müraciətləri ilə yerində maraqlanıb15-07-2023, 23:59 |
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərdikləri diqqət və qayğı Qazax rayonunda hər zaman örnək götürülür. Fəaliyyətə başladığı ilk gündən bu qayğını əldə rəhbər tutan rayon rəhbərliyi hər zaman şəhid ailələrinin, qazilərin yanında olur, etdikləri müraciətlərə həssaslıqla yanaşır. İyulun 15-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Dəmirçilər kəndinə gələrək Vətən müharibəsi şəhidi kiçik gizir Elcan Namazovun atası Hidayət Namazovun və digər şəhid ailələrinin müraciətləri ilə yerində maraqlanması bu dediklərimizin bariz nümunəsidir. İcra başçısı şəhid ailələrinin kənddə illər öncə Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə kompleksinin yenidən abadlaşdırılması, həmin kompleksə Vətən müharibəsi şəhidlərinin şəkili əks olunmuş lövhələrinin vurulması ilə bağlı istəklərini dinləyib. İcra başçısı Rəcəb Babaşov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsinin bizim üçün əziz olduğunu, onlarn daim qəlblərdə yaşayacağını qeyd edib. Bu gün damarında azərbaycanlı qanı axan hər kəsin şəhidlərimizlə, qazilərimizlə fəxr etdiyini, Azərbaycan xalqı və dövləti var olduqca şəhidlərimizin unudulmayacağını vurğulayıb. Şəhid ailələrinin abidə kompleksinin abadlaşdırılması ilə bağlı fikirlərini öyrənən icra başçısı onların istəklərinə həssaslıqla yanaşılacağını, şəhidlərimizin adlarına layiq şəkildə bərpa ediləcəyini və Vətən müharibəsi şəhidlərinin şəkillərinin əks olunduğu lövhələrin əlavə ediləcəyini söyləyib. Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rayonda övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. GOYEZEN.AZ Geri qayıt |