Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib


13-07-2023, 22:13

İyulun 13-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Ulu Öndərin Vətəninə, xalqına olan sevgisini, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün böyük töhfə olduğunu bildirib. İllər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı “Heydər Əliyev İli” çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini bildirib. Bu günə kimi 120-yə yaxın tədbirin keçirildiyini və bugünkü “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda keçirilən tədbirin də həmin silsilə tədbirlərin davamı olduğunu vurğulayıb. 

Rayon rəhbəri keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. İcra başçısı 1969-cu ilin 14 iyul tarixinin xalqımızın həyatında dərin iz buraxmış bir gün olduğunu, məhz həmin gün Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişi və Mərkəzi Komitənin birinci katibi seçilməsi ilə hər şeyin müsbətə doğru dəyişdiyini bildirib. Həmin vaxt siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyevin respublikamızın həyatında böyük dəyişikliyə nail olduğunu, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri gördüyünü, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıtdığını qeyd edib. SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycanın həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu bir diyara çevrildiyini bildirib. 


Rayon rəhbəri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanda rəhbərliyə gəlməsi xalqımızın taleyində həlledici rol oynadı, çağdaş Azərbaycan cəmiyyəti və dövlətçiliyinin təməlləri qoyuldu. Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəmizə rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat və incəsənəti inkişaf etdi. Təsadüfi deyil ki, həmin dövrdən Heydər Əliyev xalqımızın yaddaşında təkcə respublika rəhbəri olaraq deyil, həm də Ümummilli Lider kimi silinməz iz qoydu. İcra başçısı Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu il tarixindən 54 il keçsə də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi bu tarixin ölkəmizin qarşısında geniş üfüqlər açdığını söyləyib. Dövlətimizin başçısının 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olduğunu qeyd edib. Müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində müstəsna xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən söz açan icra başçısı dahi rəhbərin istər 1969-1982, istər 1982-1987, istər 1987-1993, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə xalqımızın rifahı, ölkəmizin inkişafı üçün gördüyü işləri, həyata keçirdiyi layihələri bir daha diqqətə çatdırıb. 1988-1992-ci illərdə Azərbaycanın parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdiyini xatırladaraq 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu təhlükənin sovuşduğunu, ölkəmizin böyük inkişaf yoluna qədəm qoyduğunu deyib. Bildirib ki, məhz Ulu Öndərin yüksək siyasi məharəti ilə Azərbaycan vətəndaş müharibəsindən, siyasi xaosdan qurtula bildi. Rayon rəhbəri Ulu Öndərin müəyyən etdiyi müdrik siyasi kurs və strateji xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Rayon rəhbəri Ulu Öndərin uzaqgörən siyasətinin Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. 


Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini ifadə edib. “14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gündür. 1969-cu ildə Ulu Öndər Azərbaycanda hakimiyyətə gələndə ölkəmiz ən geridə qalmış bir ölkə kimi tanınırdı. Lakin dahi şəxsiyyətin gəlişi ilə ölkəmiz tərəqqi yolunda inkişaf etməyə başladı. 1969-1982-ci illər Azərbaycanın xilasının birinci mərhələsi oldu. 1982-1987, 1987-1993, 1993-2003-cü illərdə Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misisiz xidmətləri hər birimizə yaxşı məlumdur”, - deyən A.Nəbiyev illər ötsə belə dahi şəxsiyyətin qəlblərdə əbədi yaşayacağını qeyd edib. A.Nəbiyev 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dedi və artıq illərdir ki, biz xalq olaraq bu ümidlərin doğrulduğunun şahidi oluruq. Xüsusilə də Ulu Öndərin ordu quruculuğu sahəsindəki siyasətinin yüksək səviyyədə davam etdirilməsinin 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sonra şanlı Qələbə ilə başa çatan Vətən müharibəsində bir daha şahidi olduq. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin miras qoyduğu müstəqil Azərbaycanın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edəcəyini, güclü, qüdrətli dövlət kimi bütün dünya dövlətləri arasında seçiləcəyini bildirib. 


Təqaüddə olan müəllim Bəsdi Ələkbərova, təqaüddə olan ağsaqqal Məhəmməd Məhəmmədov, rayon ağsaqqallarından Çingiz Pənahov, Osman Mustafayev, Yuxarı Salahlı kənd bələdiyyəsinin sədri Şahismayıl Məmmədov çıxış edərək Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolundan söz açıblar. Bu tarixin Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixi olduğunu söyləyiblər. Dünyaşöhrətli siyasi xadimin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratdığını vurğulayıblar. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin 1971, 1979, 1998-ci illərdə Qazaxa olan səfərlərindən və səfər zamanı yaşanan xoş xatirələrdən danışaraq ürək sözlərini bölüşüblər. 

Kosalar kənd sakini, Əmək veteranı, təqaüdçü müəllim Cavanşir Rüstəmov, Qaymaqlı kənd folkor evinin müdri Kazım Kazımlı, Kəmərli kənd sakini, təqaüdçü müəllim Rəhim Rəhimov Ulu Öndər Heydər Əliyevə həsr etdikləri şeirləri səsləndirərək dahi şəxsiyyətə olan ehtiramlarını ifadə ediblər. 

Sonda xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Geri qayıt