Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda intellektual yarış keçirilib
Qazaxda “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda intellektual yarış keçirilib26-05-2023, 18:06 |
Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti, Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Qürurla söyləyir ki, müstəqil Azərbaycan dövləti bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyevin şah əsəridir. İllər keçsə də xalqımız Dahi oğlunu Azərbaycanın tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı hər zaman qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Mayın 26-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkiatçılığı ilə “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda intellektual yarış keçirilib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə keçirilən intellektual yarışda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, ATV kanalının aparıcısı Abbasağa Ağaəlizadə, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva və qoruğun əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmov, filialın müəllim və tələbələri, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin rəhbərliyi və X, XI sinif şagirdləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəb şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya ilə tanış olublar. Sonra “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun hazırladığı sərgiyə baxş keçirilib. Məktəbin akt zalında davam edən tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, ATV kanalının əməkdaşı Abbasağa Ağaəlizadə yarış iştirakçılarını və qonaqları salamlayıb, Qərbin qapısı sayılan Qazaxda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edib. Yarış iştirakçıları barədə məlumat verən aparıcı 17 komandanın - “Zirvə”, “Zəfər”, “Qarabağ”, “Şuşa”, “Laçın”, “ Cəbrayıl”, “Xarı bülbül”, “Qazax”, “Avey”, “Göyəzən”, “Bağanıs Ayrım”, “Xeyrımlı”, “Barxudarlı”, “Sofulu”, “Qızıl Hacılı”, “Yuxarı Əskipara”, “Aşağı Əskipara” adlı komandaların yarışa qatıldığını bildirib. Hər komandada 4 nəfər olmaqla, 68 nəfər Bakı Dövlət Universitetinin Qazax filialının tələbələrinin iştirak etdiyini qeyd edib. Yarışın 3 mərhələdə keçirildiyini, hər mərhələdə 10 sual olmaqla, ümumilikdə 30 sual səsləndiriləcəyini vurğulayıb. Sualların hər birinin 1 xalla qiymətləndirildiyini, səhv cavabların düzgün cavablara təsir etmədiyini söyləyib. Sualların cavablarının münsiflər heyətinin üzvləri - Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Bakı Dövlət Universitetinin Qazax filialının “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının dosenti, Sənətşünaslıq elmləri doktoru İmaş Hacıyev, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru, pedaqogika üzrə fəlsəfə doktoru Səadət Əliyeva, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Könül Kərimova, Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Eyyubova, Qazax şəhər Şamoy Çobanov adına 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elşən Məhərrəmov, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, təqaüddə olan müəllim, şair Cavanşir Rüstəm tərəfindən yoxlanılacağını, komandaların suallar üzrə topladıqları xalların monitor vasitəsilə göstəriləcəyini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yarış iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq onlara uğurlar arzulayıb. İcra başçısı bildirib ki, danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olmuşdur. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoymuşdur. Mübaliğəsiz demək olar ki, Ümummilli Lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir. Rayon rəhbəri Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - əsrin lideri və mədəni irsimiz” mövzusunda keçirilən intellektual yarışın da həmin silsilə tədbirlərin davamı olduğunu vurğulayıb. İcra başçısı mayın 23-də yarış iştirakçılarının Şəmkir şəhərində “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruğuna və Lüteran kilsəsinə, Tovuz rayonunda Göytəpə yaşayış düşərgəsinə, Qazax rayonunda “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Damcılı filialına və Göyəzən dağına ekskursiya etdiklərini də diqqətə çatdırıb. İcra başçısı bildirib ki, istər yarışın, istərsə də ekskursiyanın təşkil olunmasında əsas məqsəd Ulu Öndər Heydər Əliyevin tarixi abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyü işləri, misilsiz xidmətləri, o cümlədən bölgələrimizin tarixini və mədəniyyətini gələcək nəsillərə çatdırmaqdır. Daha sonra mayın 23-də yarış iştirakçılarının Şəmkir, Tovuz və Qazax rayonuna olan ekskursiyasını özündə əks etdirən videoçarx nümayiş olunub. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonra yarışa start verilib. Aparıcı tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, milli-mənəvi dəyərlərimizə verdiyi qiyməti, tarixi abidələrimizi özündə əks etdirən suallar səsləndirilib. Komandalar tərəfindən sualların cavabları operativ şəkildə cavablandırılaraq qalib adı uğrunda mübarizə aparılıb. Sonda hər biri 27 xal toplayan qalib komandalar bəlli olub. Gərgin bilik mübarizəsi şəraitində keçən yarışda “Qarabağ”, “Barxudarlı”, “Xeyrımlı” komandaları yarışın birincisi olublar. Qalib komandaların üzvlərinə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Bakı Dövlət Universitetinin Qazax filialının “Dil, ədəbiyyat və onların tədrisi metodikası” kafedrasının dosenti, Sənətşünaslıq elmləri doktoru İmaş Hacıyev,çıxış edərək qalib komandaları, eləcə də yarışa qatılan bütün iştirakçıları təbrik edib, yarışda iştiraklarına və fəallıqlarına görə razılığını ifadə edib. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı keçirilən yarışda iştirak etməyin gənclərin həyatında böyük iz buraxdığını, bu cür intellektual yarışların gənclərin vətənpərvər ruhda tərbiyə olunmalarında, tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimizi dərindən mənimsəmələrində mühüm rol oynadığını, eyni zamanda, Ulu Öndərə olan sonsuz hörmət və ehtiramı özündə əks etdirdiyini qeyd edib. Bu cür nümunəvi tədbirlərin, yarışların təşəbbüsünə və təşkilinə görə başda rayon rəhbərliyi olmaqla, əməyi keçən insanlara minnətdarlığını bildirib. GOYEZEN.AZ Geri qayıt |