Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda icra başçısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən fləşmobun təşkilatçılarını Fəxri Fərmanla təltif edib

Qazaxda icra başçısı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən fləşmobun təşkilatçılarını Fəxri Fərmanla təltif edib


19-05-2023, 17:04


Bu gün Azərbaycan xalqı fəxr və qürurla söyləyir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti, Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. O lider ki, hər kəs müstəqil Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri hesab edir. Nə qədər Azərbaycan xalqı var, Ulu Öndər Azərbaycanın tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. 

Mayın 18-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş fləşmob keçirilib.

Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda 1400 nəfərin iştirakı ilə reallaşan fləşmobda “HEYDƏR ƏLİYEV - 100” sözü və Azərbaycan xəritəsi təsvir edilib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən fləşmobun təşkilatçılarını Fəxri Fərmanla təltif edib. Qazax Dövlət Dram Teatrının baş rəssamı Məmmədov Səyyat Mustafa oğlu, Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini Əyyubov Vüqar Ramiz oğlu, Qazax Dövlət Sosial-İqtisadi Kollecində Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Əfəndiyeva Elvira Vəli qızı, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin direktor əvəzi Kərimova Könül Şükür qızı fləşmobun təşkilində fəal iştirak etdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.


Mayın 19-da Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov tədbirdə iştirak edənləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının ölkəmiz və xalqımız üçün mühüm əhəmiyyətindən danışıb. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyatını, fəaliyyətini, xalqı qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün bu ilin bizim üçün ən böyük töhfə olduğunu bildirib. “Ulu Öndər özünün də dediyi kimi qalan ömrünü xalqına bağışladı”, - deyən icra başçısı illər ötsə belə qədirbilən Azərbaycan xalqının öz dahi rəhbərini, onun dövləti, xalqı qarşısında olan misilsiz xidmətlərini heç zaman unutmayacağını, ən ülvi duyğularla, hörmət və ehtiramla yad edəcəyini diqqətə çatdırıb. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərin keçirildiyini, bu günə kimi keçirilən bütün tədbirlərə xüsusi həssaslıqla yanaşıldığını, dahi şəxsiyyətin adına layiq şəkildə təşkil edildiyini və bundan sonra da bu cür davam etdiriləcəyini qeyd edib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunmuş fləşmobun ərsəyə gəlməsində əməyi, əziyyəti keçən hər kəsə razılığını ifadə edib, ən əsası da Ulu Öndərə olan sevgilərinə, hörmət və ehtiramlarına görə bir daha minnətdarlığını bildirib. 

GOYEZEN.AZ


Geri qayıt