Əsas Səhifə > Manşet / Şəhidlər > İcra başçısı şəhid Həmid Tağıyevin anasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

İcra başçısı şəhid Həmid Tağıyevin anasının üç mərasimində iştirak edib və ailəsinə başsağlığı verib


15-05-2023, 17:17


Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, bu yolda özünü qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. 

Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 344 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. 

Adını tarixə yazdıran igid oğullarımızdan biri də Tağıyev Həmid Bəhmən oğludur. Həmid Tağıyev 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində   anadan olmuşdur. 1979-cu ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə həmin orta məktəbi bitirmişdir. 1990-cı ildə SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızıl Hacılı kəndi yaxınlığında Satılmış adlanan yerdə gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa onun adı verilmişdir. 

Mayın 13-də şəhidimizin anası Tağıyeva Ceyran İsmayıl qızı dünyasını dəyişib. Bu gün şəhidimizin anasının üç mərasimi olub. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə üç mərasimində iştirak edib və mərhumun ailəsinə başsağlığı verib.

İcra başçısı Rəcəb Babaşov mərhum Ceyran Tağıyevanın vəfatından kədərləndiyini bildirib, şəhidimizin qardaşı Ceyhun Tağıyevə və bacılarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib. İcra başçısı qeyd edib ki, illər ötsə belə şəhidlərimizə olan sonsuz ehtiram, sevgi heç zaman dəyişməyəcək, əksinə daha da artacaqdır. Nə qədər Azərbaycan xalqı var Həmid Tağıyev kimi qəhrəman oğullarımız daim qəlblərdə yaşayacaq. Rayon rəhbəri ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu vurğulayıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü, şəhid ailələrinə, qazilərimizə, onların ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.  

 

GOYEZEN.AZ


Geri qayıt