Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazaxda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunmuşdur
Qazaxda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunmuşdur9-11-2017, 11:30 |
Qazaxda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunmuşdur. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoymuş, əziz xatirəsini böyük ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov daha sonra RİH-də keçirilən tədbiri giriş sözü ilə açaraq 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik etmişdir. Qeyd etmişdir ki, ilk dəfə Azərbaycan bayrağı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilib. 1998-ci ildə ulu öndər tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamda vətəndaşlarımıza, xüsusilə gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. Ümummilli lider bayrağımız haqqında deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda, Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun”. Ulu öndərin əsasını qoyduğu həmin siyasət bu gün də davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncam bunun ən bariz nümunəsidir. Bu sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət başçısı 2010-cu il sentyabrın 1-də, Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində demişdir: "Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramı- mızı göstərir. Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”. Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılmasının Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin hər zaman aparıcı istiqaməti olmasını vurğulayıb. Sonra rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Kəmalə Cəfərova, baş məsləhətçi Səba Paşayeva, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev və başqaları çıxış edərək bayrağımızın daim uca zirvələrdə dalğalandığını və tezliklə Qarabağda, Xankəndində də ucalacağına əmin olduqlarını bildirmişlər. Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri 9 noyabr 2017-ci il Geri qayıt |