Əsas Səhifə > Manşet / Rəsmi > Hər bir Kəlbəcərlinin qəlbində Ulu Öndərə ucaltdığı abidə... -

Hər bir Kəlbəcərlinin qəlbində Ulu Öndərə ucaltdığı abidə... -


3-05-2023, 15:37


May ayı baharın gəlişini, təbiətin oyanışını göstərməklə yanaşı insan oğlunun arzu-diləklərinin də çiçək açdığı, ruhunun təzələndiyi bənzərsiz aydır. May ayının Azərbaycan xalqının və onun yeddidən yetmişə hər bir fərdinin həyatında ayrıca özəlliyi var. Bu ay dövlətimizin memarının, millətimizin iftixarının, minillik tariximizin ən parlaq düha sahibinin, bənzərsiz dövlət xadiminin - Heydər Əliyevin anadan olduğu aydır. Yaşadığımız 2023-cü ilin 10 may tarixində Ümummilli Liderimizin anadan olmasının 100 ilinin tamam olması isə bu ayı daha da əlamətdar edir. Üstəlik, cənab prezidentimiz İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması cəmiyyətdə özünəməxsus ovqat yaradıb və ötən müddət ərzində yüzlərlə, bəlkə də minlərlə müxtəlif səpkili yubiley mərasimləri keçirilir, hamı Ulu Öndərə öz mənəvi borcunu verməyə tələsir, hər yerdə millət atasının ruhuna dualar oxunur, sonsuz ehtiram və rəhmətlə xatirəsi yad edilir. 


Gəlin razılaşaq ki, Azərbaycan xalqının öz keşməkeşli tarixi ilə öyünə biləcəyi çox az nümunələr var. Əsrlər boyu sağdan-soldan istilalarla üzləşmiş xalqımız özünün oturuşmuş dövlətini ya qura bilməmiş, ya da qurulan dövlətlər çox tezliklə tarix səhnəsindən silinib getmişlər. Tarixə qısaca ekskurs etsək, görərik ki, xalqımız barmaqla sayıla biləcək qədər irili-xırdalı dövlətlər qura bilmiş, yalnız 2-3 dövlətimiz yaxın coğrafiyamızda özündən söz etdirə bilmişdir. Bu baxımdan ilk xatırlanan Qaraqoyunlular və Ağqoyunlular dövləti, Şah İsmayıl Xətainin adı ilə bağlı olan Səfəvilər və Nadir şahın Əfşarlar dövlətləridir. Sonradan paramparça olub xanlıqlara parçalanan Azərbaycanımızı isə nankor qonşularımız qısa zamanda süquta uğradıblar. Ötən əsrin əvvəlində qurulan cümhuriyyətimizsə cəmisi 23 ay ayaqda qala bilib və o da bəlli səbəblərdən tarix səhnəsindən silinib.


Sovetlərin çöküşündən sonra əldə etdiyimiz müstəqilliyin ömrü də ondan əvvəlki dövlətimizin ömrü kimi iflasa uğrayacaqdı, Heydər Əliyev vaxtında yetişməsəydi və tarix səhnəsində öz sözünü deməsəydi. Bu gün 90-cı illərin əvvəllərində ölkəmizdə yaşanan təlatümləri saf-çürük etdikcə adam heyrətlənməyə bilmir və Heydər Əliyevin necə böyük dövlət adamı olduğu, ölkəni uçurumun astanasından necə məharətlə xilas etdiyi bir daha gözlər önündə canlanır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə sabitlik yaranması üçün nələr etmədi? Nəticədə dövlət çerilişləri, vətəndaş müharibəsi və Ermənistanla savaş səbəbindən məhv olmaqla üz-üzə qalan ölkənin özünə gəlməsi üçün atəşkəsə nail olundu, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olundu və ardından xain dövlət çevrilişlərinə sinə gərildi. Yalnız 3 il sonra Azərbaycan sakit nəfəs almağa başladı və bundan sonra yorucu Qarabağ danışıqları aparıldı. Bütün beynəlxalq basqılara və ermənipərəst dünyanın çeşidli hiylələrinə baxmayaraq torpaqlarımızın işğaldan qurtulması uğrunda gerçək savaş aparıldı və bir qarış torpağımızın da düşmənə güzəştə gedilməyəcəyi hər kəsə, xüsusən də sözdə vasitəçi olsalar da əməldə ermənilərə havadarlıq edən həmsədr dövlətlərə açıq mətnlə bildirildi. Heydər Əliyevdən başqa heç bir dövlət başçısı bu qədər beynəlxalq basqıya davam gətirə bilməzdi. Məhz bir zamanlar sovetlərin rəhbərliyində ikən qlobal güclərlə hansı dildə danışmağın, mübarizə aparmağın yollarını mənimsəməsi bu savaşda onun karına gəldi və dahi rəhbər dünyanın nəhəng dövlət başçıları ilə görüşlərdə Azərbaycanın haqlı mövqeyini əsaslandırılmış şəkildə, güclü arqumentlərlə müdafiə edə bildi. 


Əlbəttə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərin hər bir ili, hətta hər ayı ayrıca araşdırma predmetidir və yaşanan tarixi vərəqlədikcə qarşımızda Heydər Əliyevin misilsiz liderlik porterti canlanır, hamımız həm heyrətlənir, həm də bu millətə belə parlaq şəxsiyyət bəxş edən Uca Allaha şükrlər edirik. Amma Heydər Əliyevin Qarabağ siyasəti, apardığı saysız-hesabsız danışıqlar, ikili standartlar məngənəsində çabalayan ermənipərəst beynəlxalq birliyin oyunçuları ilə apardığı başabaş mücadilə onilliklər boyu diplomatların, politoloqların, dövlət xadimlərinin faydalana biləcəyi misilsiz xəzinədir. 


Məhz Heydər Əliyevin qoyduğu zəngin irs, Azərbaycanı bəlalardan xilas edəcək yol xəritəsinin konturlarını qoyub getməsi sonradan cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunda yolgöstərən mayak oldu. Nəticədə İlham Əliyev daha inamlı şəkildə Qarabağ danışıqlarına qatıldı və nəticədə vasitəçilərin torpaqlarımızı qaytarmaq niyyətində olmadığını görüb şanlı Vətən savaşından başqa yol qalmadığını dünyaya göstərdi. Heç şübhəsiz, bu qələbədə ən çox payı olan Heydər Əliyev və onun uzaqgörən siyasətinin parlaq nəticəsi idi. Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunmasını xəbərini Şəhidlər Xiyabanından təntənə ilə xalqımıza çatdıran Prezident İlham Əliyev də atasının müqəddəs vəsiyyətini yerinə yetirən övlad olduğu üçün fəxr etdiyini dilə gətirdi. Bu, İlham Əliyev tərəfindən həm də atası Heydər Əliyevin qazanılan bu parlaq zəfərdə həlledici pay sahibi olduğunun etirafı idi. 


Ulu Öndərin hər bir azərbaycanlının qürur yeri olduğunu yuxarıda qeyd etmişdim. Bir kəlbəcərli olaraq Heydər Əliyevin Kəlbəcər camaatı üçün and yeri olduğunu da vurğulamaq yerinə düşərdi. Ulu Öndər işğaldan sonra kəlbəcərliləri Prezident Aparatında qəbul edərkən rayonumuz haqqında işlətdiyi unudulmaz sözlər hər bir kəlbəcərlinin yarasına məlhəm oldu. Ulu Öndər hələ o vaxt çox böyük inam və qətiyyətlə Kəlbəcərin işaldan azad olunacağını, o gözəl günlərə yenidən qayıdacağımızı bildirməsinə bu günün baxış bucağından baxdıqda adam gerçəkdən heyrətdən söz tapa bilmir. Bu, sadəcə uzaqgörənlik deyildi, həm də qoyduğu yolun məhz özü qədər inandığı davamçısı tərəfindən inamla gediləcəyi və gec-tez işğala son veriləcəyi idi.


Bu gün Kəlbəcər məhz Ali Baş Komandanın misilsiz sərkərdəlik qabiliyyəti hesabına işğaldan azad edilib və öz sakinlərinin yolunu gözləyir. Buna görə də heç şübhə yoxdur ki, Kəlbəcəri kəlbəcərlilər qədər sevən Ulu Öndərin ruhu şaddır. İnşallah tezliklə kəlbəcərlilər Prezident İlham Əliyevin rəhbərliyi altında öz yurd yerlərini yenidən abadlaşdıracaqlar, o zaman Kəlbəcərin ən görkəmli yerlərində Ulu Öndərə abidələr ucaldılacaq, nəhəng posterlər quraşdırılacaq. Amma ən böyük abidə, şübhəsiz ki, kəlbəcərlilərin ürəyindədir. Bu abidə dünya durduqca sonsuz rəhmətlə anılacaq...

Cavid QURBANOV,  

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini


Geri qayıt